Bakı və Budapeşt birgə İnvestisiya Fondu yaratmaq niyyətindədir. Bu barədə Macarıstanın Bakıdakı səfiri İmre Laslotski bəyan edib.
“Biz yüksək texnologiyalar sahəsində İnvestisiya Fondu yaratmaq niyyətindəyik. Tərəflər müəssisələrin fəaliyyətini sadələşdirmək və birgə layihələri maliyyələşdirmək məqsədilə bu Fonda vəsait yatırmağa hazırıdır. Onu şərti olaraq yüksək texnologiyalarin inkişafı üçün İnvestisiya Fondu adlandırmaq olar”, - deyə İ.Laslotski “İnrerfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, hazırki mərhələdə prioritet layihələrin müəyyənləşməsi üzrə işlər aparılır. “Bu Fond əsasən İKT sahəsini əhatə edəcək. Əməkdaşlıq üçün digər sahələr də istisna olunmur”, - deyə diplomat qeyd edib.
“İstənilən digər yüksək texnologiya müzakirə mövzusu ola bilər və gəlirli olduğu halda tərəflər onu maliyyələşdirə bilər. Qeyd etdiyim kimi, hansı layihələrdə işləyəcəyimizi müəyyən etmək lazım olacaq”, - deyə İ.Laslotski vurğulayıb.
İ.Laslotski ilə müsahibənin tam mətni ilə “İnterfaks-Azərbaycan” agentliyininhttp://interfax.az/view/698318saytında tanış olmaq mümkündür.