Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev komitənin fəaliyyəti və qarşıdakı planları ilə bağlı müsahibə verib.
Eləcə də bax: Hibrid avtomobillər Azərbaycan bazarında sürətlə yayılır – 2,5 DƏFƏ ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən Səfər Mehdiyevin müsahibəsini təqdim edir:
Eləcə də bax: Gömrükdə yük maşınları belə yoxlanılacaq - SƏFƏR MEHDİYEV AÇIQLADI
- İlk olaraq, 2021-ci ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətini necə qiymətləndirdiyinizi öyrənmək istərdik.
- Dövlət Gömrük Komitəsində aparılan struktur və kadr islahatları, yeni çağırışlara uyğun həyata keçirilən tədbirlər öz töhfəsini verir. Statistik göstəricilərə diqqət salsaq görərik ki, 2014-2016-cı illərlə müqayisədə son 4 ildə (2018-2021-ci illərdə) büdcə daxilolmaları 2 dəfədən çox artıb.
2021-ci ildə ölkəmizin hər bir sahəsində olduğu kimi, gömrük xidmətində də büdcənin gəlirlər hissəsinin formalaşması baxımından fiskal siyasət aidiyyəti üzrə layiqincə həyata keçirildi.
Belə ki, 2021-ci il üzrə qanunla müəyyən olunmuş 3 milyard 900 milyon manat illik büdcə proqnozu faktiki olaraq 4 milyard 342,9 milyon manat məbləğində icra edilib, illik proqnoz 111,36 %, məbləğ ifadəsində isə 442 milyon 967 min manat artıq yerinə yetirilib. Ötən 2021-ci ildə gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində xidməti fəaliyyətimiz daha da genişləndirilib və həyata keçirilən kompleks tədbirlər nəticəsində 17 144 hüquqpozma faktı aşkar edilib. Bu faktların 418-i cinayət xarakterli olub.
2021-ci ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar edilib, ümumilikdə 3 ton 43 kq-dan artıq narkotik vasitələr qanunsuz dövriyyədən götürülüb. 2020-ci illə müqayisədə 2021-ci ildə qanunsuz dövriyyədən götürülən narkotiklərin miqdarı 2 dəfədən çox artıb.
Gömrük rəsmiləşdirməsi prosesində risklərin idarə edilməsi ilə bağlı
Bundan başqa, gömrük orqanlarının resurslarından daha səmərəli istifadə olunması, gömrük qanunvericiliyinə riayət edən aşağı risk qrupuna aid xarici ticarət iştirakçılarına məxsus malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şəraitin yaradılması, o cümlədən malların daha surətli rəsmiləşdirilməsi məqsədilə hazırda Komitə tərəfindən iki layihə icra olunmaqdadır. Bunlar sərhəd risk modulu və gömrük bəyannamələrinin risk direktividir.
Sərhəd risk modulu layihəsi - sərhəd buraxılış məntəqələrindən keçən mal və nəqliyyat vasitələrinə risk əsaslı nəzarətin tətbiqi, diqqətin daha riskli sahələrə yönəldilməsi və qərarvermənin avtomatlaşdırılması məqsədlərini daşıyır. Hazırlanmaqda olan bu modul vasitəsilə istər hərəkət marşrutu üzrə risklərin mövcudluğu, istər nəqliyyat vasitəsinin konstruksiyasında uyğunsuzluqların olması, istərsə də hər hansı digər məlum risk indikatoru təhlil edilərək ayrı-ayrılıqda hər bir sərhədkeçmə əməliyyatının risk səviyyəsi müəyyən ediləcək.
Bununla da gömrük rəsmiləşdirilməsi zamanı insan faktorunun rolu minimuma endirilməklə qərarvermə mümkün dərəcədə avtomatlaşdırılacaq ki, bu da aşağı riskli əməliyyatların daha çevik emal olunmasına imkan yaradacaq.
Bundan başqa, ötən illərdə subyekt əsaslı risk qiymətləndirilməsinə, yəni xarici ticarət iştirakçılarının risk dərəcəsinin müəyyən olunması məsələsinə xüsusi diqqət yetirilib. Xarici ticarət iştirakçılarının risk dərəcəsinin qiymətləndirilməsi modulu hazırlanaraq elektron sistemə inteqrə olunub. Bu modul xarici ticarət iştirakçılarının bir sıra meyarlar üzrə fəaliyyətini avtomatlaşdırılmış qaydada qiymətləndirərək onların risk qrupunu müəyyən edir. Qiymətləndirmənin nəticələri həm sərhədkeçmə, həm də rəsmiləşdirmə əməliyyatları zamanı xüsusi çəkili risk meyarı kimi istifadə olunur.
Eyni zamanda, məlumatların təhlili və vizuallaşdırılması sahəsində ən qabaqcıl proqram təminatları əldə edilərək uğurla istifadə olunmaqdadır. Bu proqram təminatları məlumatların təhlilinə günlərlə sərf olunan vaxtı 10-15 dəqiqəyə qədər azaldaraq aparılan təhlillərin daha çevik olmasına imkan yaradıb.
Gömrükdə elektron xidmətlərin tətbiqi ilə bağlı
2021-ci il yeni elektron xidmətlərin istifadəyə verilməsi istiqamətində Dövlət Gömrük Komitəsi üçün xüsusilə uğurlu olub. Ötən il Dövlət Gömrük Komitəsi 3 məhsulu - “Smart Customs” mobil tətbiqinin yeni versiyası, “e.customs.gov.az” və “stats.customs.gov.az” portallarını cəmiyyətə təqdim edib.
Diqqətinizə çatdırım ki, “Smart Customs” mobil tətbiqi “NETTY-2021” Azərbaycan Milli İnternet Müsabiqəsində “Dövlət və Cəmiyyət” nominasiyası üzrə ilin mobil tətbiqi mükafatına layiq görülüb.
“Smart Customs” mobil tətbiqinin yeni versiyasında “e.customs.gov.az” portalında təqdim edilən 16 elektron xidmətdən 5-i mobil tətbiqə inteqrasiya edilib. Fiziki şəxslər tərəfindən elektron ticarət portallarından sifariş edilən malların bəyan edilməsi və nəzarətin həyata keçirilməsi üçün hazırlanmış “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” xidmətində təkmilləşdirmələr aparılıb. Elektron xidmətə “Bildiriş” və “Fayl əlavə et” funksiyaları əlavə olunub. Eyni zamanda, xarici ticarət iştirakçıları “e.customs.gov.az” portalındakı bildirişləri artıq “Smart Customs” mobil tətbiqi vasitəsilə izləyə biləcəklər.
Komitə tərəfindən təqdim olunan bütün elektron xidmətləri özündə cəmləşdirən “e.customs.gov.az” portalı üzərindən hazırda göstərilən elektron xidmətlərin sayı 16-ya çatdırılıb. İstifadəyə verilən hər bir elektron xidmət müvafiq istifadəçi təlimatları və videoçarxlarla təmin edilib. Portalda “Açıq məlumatlar” bölməsi də yaradılıb. Bu bölmə vasitəsilə vətəndaşlar üçün müraciət formaları, poçt və daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nın elektron sistemlərində istifadə olunan təsnifatları əldə etmək mümkündür.
Ötən il Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 14 milyona yaxın olub. 2021-ci il ərzində “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən 8 milyona yaxın elektron ticarət bəyannaməsi gömrük orqanlarına təqdim edilib. Ümumilikdə, 172 min nəfərdən çox istifadəçi portalda qeydiyyatdan keçib. Mobil tətbiq istifadəçilərinin sayı 375 min nəfərdən çox olub. Onlardan 234 min nəfəri Android, 141 min nəfəri isə iOS platformasının istifadəçiləridir.
- Ötən il Dövlət Gömrük Komitəsi Qubadlı rayonunun ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb. Bu gün bu postda işlər necə gedir?
- Vətən müharibəsi bitdikdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, dövlət orqanlarının fəaliyyəti də ardıcıllıqla başlanıb. Məlum olduğu kimi, Gorus-Qafan avtomagistral yolunun bəzi hissələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən keçir. Azərbaycanın qanunvericiliyinə görə, ölkə ərazisinə daxil olan şəxslər, mallar və nəqliyyat vasitələri müvafiq qaydada gömrük və sərhəd nəzarətindən keçməli, həmçinin Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinə və "Dövlət rüsumu haqqında" Qanunun 24-cü maddəsinə əsasən dövlət rüsumuna cəlb olunmalıdırlar.
Qeyd olunan vəzifələrin icrasını təmin etmək və işğaldan azad olunmuş ərazilərdə gömrük xidmətini təşkil etmək üçün 2021-ci ilin 10 sentyabr tarixindən Qubadlı rayonunun inzibati ərazisində yerləşən Eyvazlı kəndindən keçən dövlət sərhədimizin yaxınlığında Dövlət Gömrük Komitəsinin “Qubadlı” gömrük postu yaradılaraq istifadəyə verilib.
- Azərbaycan və İran sərhədində yerləşən və işğaldan azad olunan Xudafərin körpüsünün üzərində yeni gömrük keçid məntəqəsinin yaradılması nəzərdə tutulubmu?
- Xudafərinə gəldikdə, öncə onu qeyd edim ki, məlum işğala qədər İran İslam Respublikası ilə sərhəddə Füzuli rayonunun Horadiz qəsəbəsində “Horadiz” və Cəbrayıl rayonununda “Qız Qalası” gömrük-sərhəd buraxılış məntəqələri fəaliyyət göstərib.
Gələcəkdə işğaldan azad olunmuş ərazilərin mərhələli şəkildə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsindən sonra həmin ərazilərə baxış keçirilərək geniş təhlillərin aparılması nəticəsində, tikinti işləri üçün ərazinin müəyyən edilərək ayrılması və müvafiq qaydada layihələndirilmə və qiymətləndirilmə işləri həyata keçiriləcək. Bu proseslərdən sonra həmin ərazilərdə gömrük infrastrukturunun yaradılması haqqında düşünüləcək.
Eyni zamanda, İran tərəfi ilə razılaşdırılmaqla bərpa edilmiş yeni dövlət sərhədi boyunca Cəbrayıl rayonunun ərazisində (Xudafərin qəsəbəsində) şəxslərin, malların və nəqliyyat vasitələrinin Azərbaycanın qanunvericiliyi çərçivəsində keçidinin təmin edilməsi üçün müasir standartlara cavab verən yeni gömrük-sərhəd buraxılış məntəqəsinin inşası ilə əlaqədar iki ölkənin hökumətləri arasında aidiyyəti dövlət qurumlarının iştirakı ilə danışıqlar və qarşılıqlı müzakirələr aparılmaqdadır.
- Məlumatımıza görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun kompleks tikinti işləri davam etdirilir. Bu gömrük-keçid məntəqəsinin istifadəyə verilməsi nə zaman mümkün olacaq?
- Əvvəlcə qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin əksər hissəsinin “Samur” - “Yaraq-Qazmalar” gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi bu məntəqələrdə son illər ərzində sıxlığın və növbələrin yaranmasına səbəb olub. Bununla əlaqədar, iki ölkə sərhədində günün 09:00-18:00 saat intervalında fəaliyyət göstərən “Şirvanlı” (Azərbaycan Respublikası) - “Novo Filya” (Rusiya Federasiyası) gömrük postlarından gün ərzində 50-yə yaxın boş yük nəqliyyat vasitəsinin keçidinin təmin edilməsi ilə bağlı Azərbaycan tərəfdə tələb olunan zəruri işlər həyata keçirilib və Rusiya tərəfi ilə razılaşdırılmaqla 8 oktyabr 2021-ci il tarixdən boş yük nəqliyyat vasitələrinin idxal istiqamətində, 02.11.2021-ci il tarixdən isə hər iki istiqamətdə buraxılışına başlanılıb.
Əlavə olaraq “Şirvanlı” gömrük-sərhəd buraxılış məntəqəsi vasitəsilə gün ərzində hər iki istiqamət üzrə 50-dən daha artıq boş yük nəqliyyat vasitəsinin buraxılışını təmin etmək üçün bütün imkanlar mövcud olduğundan, “Şirvanlı” - “Novo Filya” gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etməklə, gündəlik olaraq hər iki istiqamət üzrə buraxılışı təmin edilən boş yük nəqliyyat vasitələrinin sayının 150-yə qədər artırılması məsələsinin Rusiya tərəfi ilə razılaşdırılması üçün işlər davam etdirilir.
Onu da qeyd edim, Rusiya Federasiyası ilə sərhədimizdə yerləşən “Samur” gömrük postunun buraxılış yükünün azaldılaraq bu istiqamətdə fəaliyyət göstərən digər gömrük-sərhəd buraxılış məntəqələri arasında bölüşdürülməsi, o cümlədən turizm, ticarət və digər məqsədlər üçün Rusiya Federasiyası istiqamətində səyahət edən şəxslərin alternativ dəhlizlərlə gömrük-sərhəd buraxılış məntəqələrindən keçidinin daha rahat və keyfiyyətli xidmət göstərməklə təmin etmək üçün iki ölkə sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidən inşa edilməsinə qərar verilib.
Bu məqsədlə, Azərbaycan Prezidentinin 27 aprel 2020-ci il tarixli sərəncamı ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ərazisində yeni gömrük postunun tikintisinə başlanılıb və aparılan tikinti işləri sürətləndirilib. Bu il gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəzərdə tutulub ki, bu da öz növbəsində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsinin yüklülüyünü daha da azaldaraq, Rusiya istiqamətində əlavə yük nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmaqla yanaşı, yük nəqliyyat vasitələrinin keçidində yaranan sıxlığı və növbələri aradan qaldıracaqdır.
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu üzrə tikinti-quraşdırma işlərinin tamamlanması 2022-ci ildə nəzərdə tutulur.
- Hökumətin son qərarına görə, istehsal müddəti son 3 ili keçməyən hibrid və elektrik avtomobillərinin ƏDV-dən azad olunması ilə bağlı qərar güvvəyə minib. Bu qərar Dövlət Gömrük Komitəsi üzrə büdcə daxilolmalarına necə təsir edəcək? Ümumiyyətlə bu, ölkənin avtomobil bazarına necə təsir edəcək?
- Ötən il müvafiq kriteriyalara cavab verən hibrid minik avtomobillərinin idxalı zamanı əlavə dəyər vergisi üzrə 7 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Cari ildə azadolmaların tətbiqi şübhəsiz ki, bu qəbildən olan avtomobillərin idxal həcmini artıracaq. Ümumiyyətlə, cari ildən bu dəyişikliklərin edilməsi fiskal siyasət baxımından yox, sosial siyasətin həyata keçirilməsinə xidmət etməklə, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdıracaq və eyni zamanda avtomobil parkının yenilənməsinə əlverişli şərait yaradacaq.
- Gömrük tarifləri sistemində hansı dəyişikliklər gözlənilir?
- Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı üçün bu sahəyə dövlət dəstəyinin daha da gücləndirilməsi və rəqabətqabiliyyətliliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə 29 dekabr 2021-ci il tarixli, 417 saylı Qərarına əsasən, 1 yanvar 2022-ci il tarixindən idxal edilən quş əti, quş yumurtası, sement klinkerləri və bəzi növ keramika məmulatlarına tətbiq edilən spesifik idxal gömrük rüsum dərəcələrinin müddəti 31 dekabr 2023-cü il tarixinədək uzadılıb.
Bununla yanaşı, 2022-ci ilin ilk rübü ərzində Azərbaycan Respublikasının mal nomenklaturasının Ümumdünya Gömrük Təşkilatının “Malların Təsviri və Kodlaşdırılması üzrə Beynəlxalq Harmonikləşdirilmiş Sistemi”nin 2022-ci il variantına uyğunlaşdırılması nəzərdə tutulub. Yaxın vaxtlarda Nazirlər Kabinetinin müvafiq qərarı ilə qüvvəyə minməsi gözlənilir. Artıq aidiyyəti nazirliklərlə müzakirələr başa çatıb.
- Azadolmaların sayının azaldılması istiqamətində hansı işlər görülür və bunun gömrük yığımlarına təsiri necədir?
- İlk növbədə qeyd edim ki, idxal mallarına tətbiq edilən güzəştlər əsasən yeni istehsal sahələrinin açılması və ölkədaxili məhsul istehsalı bolluğunu yaratmaq, rəqabət qabiliyyətliliyinin qorunması məqsədilə stimullaşdırıcı xarekter daşıyır. “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli, 38 nömrəli Qərarına uyğun olaraq Maliyyə Nazirliyi hər il avqust ayının 1-dən gec olmayaraq güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair arayışı Dövlət Gömrük Komitəsinə, Dövlət Gömrük Komitəsi isə avqust ayının 15-dən gec olmayaraq arayışa dair rəy və təkliflərini Maliyyə Nazirliyinə təqdim edir.
Maliyyə Nazirliyində vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılır. Dövlət Gömrük Komitəsi tərəfindən xarici ticarət fəaliyyəti iştirakçılarının gömrük güzəştlərinə dair məlumatlar “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin aparılması məqsədilə təqdim olunur.
Nəzərə alaq ki, idxalın həcmi ötən illərlə müqayisədə demək olar eyni səviyyədə müşahidə olunsa da, lakin illik büdcə öhdəliyi artan yekunla proqnozlaşdırılır. Statistik göstəricilərin təhlili göstərir ki, idxal rüsumu üzrə azadolmalar ümumi idxala münasibətdə 2020-ci ildə 59,01 % olduğu halda, 2021-ci ildə bu göstərici 55,04 %-ə, əlavə dəyər vergisi üzrə azadolmalarda isə 2020-ci il üzrə 25,51 % təşkil etdiyi halda, 2021-ci ildə 20,62 %-ə bərabər olub.
- Bu yaxınlarda Sizin müvafiq əmrinizlə bir sıra gömrük əməkdaşlarının xidməti yerləri dəyişdirildi. Bu cür yerdəyişmələr nə ilə bağlıdır?
- Gömrük orqanı əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsinin 21 sentyabr 2018-ci il tarixli, 100/196 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirilir.
- Bu il üçün Dövlət Gömrük Komitəsinin planları nədən ibarətdir?
- 2022-ci ildə risklərin idarəolunması sahəsində hədəfimiz isə ilk növbədə ötən il başladılan layihələrin uğurla icra olunmasıdır. Bundan başqa, ticarət dövriyyəsinin və buna uyğun məlumat həcminin ildən-ilə artması Dövlət Gömrük Komitəsi üçün yeni çağırış olmaqla, məlumat bazalarından daha səmərəli və müasir istifadəni tələb edir. Bu səbəbdən dünya təcrübəsinə istinad edərək süni intellektin gömrük fəaliyyətinə inteqrə olunmasının perspektivlərinin araşdırılması 2022-ci ildə həmin sahə üzrə prioritet istiqamətlərdən biri olacaq.
Bu il Komitə tərəfindən xarici ticarət iştirakçıları üçün “e.customs.gov.az” portalı vasitəsilə təqdim edilən elektron xidmətlərin sayının artırılması planlaşdırılıb. Ümumi olaraq portal üzərindən təqdim edilən elektron xidmətlərin sayının 30-a çatdırılması nəzərdə tutulur. Bu xidmətlər “Smart Customs” mobil tətbiqinə də mərhələli şəkildə inteqrasiya edilərək tətbiq üzərindən istifadəyə veriləcək. Eyni zamanda, həm portal, həm də mobil tətbiqdə qeydiyyatdan keçmədən müəyyən elektron xidmətlərdən yararlanmaq imkanı yaradılacaq.
Bu il “e.customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulan elektron xidmətlərdən biri də sərnişinlər üçün sadələşdirilmiş bəyannamə xidmətidir. Sadələşdirilmiş bəyannamə daha geniş və əhatəli bir xidmət olmaqla, elektron gömrük xidmətlərinin vahid sistemdə cəmləndiyi “e.customs.gov.az” portalı və “Smart customs” mobil tətbiqi üzərindən vətəndaşların istifadəsinə veriləcək.
Həmçinin Qısa İdxal Bəyyannaməsi elektron xidmətinin də yeni versiyada həm portal, həm də mobil tətbiq üzərindən istifadəyə verilməsi nəzərdə tutulur.