Dövlət Gömrük Komitəsi xaricdən idxal edilən malların Komitənin Bakı Baş Gömrük İdarəsində saatlarla növbədə gözlədilməsi məsələsinə aydınlıq gətirib.
FED.az xəbər verir ki, “Report”un məlumata görə, bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Bakı Baş Gömrük İdarəsində bəyannamə təqdim etdikdən sonra sahibkarların növbədə gözləməsi komitədən asılı olan vəziyyət deyil. Onun sözlərinə görə, bu, texniki problemlərlə bağlıdır: “Belə növbələrin yaranmasına səbəb elektron ödəmə sistemində texniki nasazlığın hələ də tam aradan qaldırılmamasıdır”.
Eləcə də bax: "Azərbaycanda gömrük prosedurları xeyli sadələşdiriləcək" - MÜSAHİBƏ
S. Mehdiyev deyib ki, artıq bununla bağlı iş aparılır: “Tezlikdə elektron ödəniş sistemi tam avtomatlaşdırılacaq. Bu, yüklərin daha tez boşaldılmasına və sahibkarların məhsullarının daha tez çatdırılmasına imkan verəcək”.