Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 31-də imzaladığı sərəncamla İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilib.
FED.az xəbər verir ki, nizamnaməyə əsasən Fondun fəaliyyətinin məqsədi Azərbaycanda sahibkarlığın inkişafına maliyyə dəstəyi verməkdən ibarətdir. Fond bu nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürməlidir.
Nizamnaməyə əsasən Fond Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirməli, müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmalı, sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənməli və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmalı və onlara məsləhət xidmətləri göstərməlidir.
Nizamnaməyə əsasən Fondun vəsaiti hesabına Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək, Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək, Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək, Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək, sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək, sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək, kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək, sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək, sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisasının artırılmasına dəstək vermək, sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə eləcə də, ölkədə sahibkarlığın bazar infrastrukturunun formalaşmasına və inkişafına kömək göstərmək, sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək əsas vəzifələr kimi müəyyənləşdirilib.
Fond vəsait cəlb etmək və bu məqsədlə könüllü ianə, yardım, qrant alınması ilə bağlı və digər bu kimi əqdlər bağlamaq, Azərbaycanda və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq, sərəncamında olan əmlakdan istifadə etmək, sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək, Azərbaycanda və xaricdə keçirilən belə tədbirlərdə iştirak etmək, daxili və xarici investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər keçirmək, sərgilər və yarmarkalar təşkil etmək, beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən vəsaitdən investisiya layihələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, verilən vəsaitin qaytarılması üçün tədbirlər görmək, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görmək, fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə müvəkkil kredit təşkilatlarına zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək, əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək, Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək hüquqlarına malikdir.
Qeyd edək ki, Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədr daxil olmaqla 9 üzvdən ibarət tərkibdə təşkil edilir. Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi təyin edir. Şuranın 4 üzvünü Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Maliyyə Bazarlarına Nəzarət Palatası təyin edir. Müşahidə Şurasının sədri Azərbaycanın iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İctimai əsaslarla fəaliyyət göstərən Müşahidə Şurası qərar qəbul etməkdə müstəqildir.
Müşahidə Şurası Fondun fəaliyyət planlarını müəyyənləşdirə, İqtisadiyyat Nazirliyinin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edə, Fondun vəsaitindən istifadə istiqamətlərini müəyyən edə bilər. Müşahidə Şurası İqtisadiyyat Nazirliyinin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edə bilər.
Nizamnaməyə əsasən İdarə Heyəti isə Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir. Strateji məqsədlərinin və planlarının icrasına nəzarət edən İdarə Heyəti aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edə bilər.
Fondun nizamnamə fondu 1 094 254 581 manatdır. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Nizamnaməyə görə, maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməlidir.
Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb etməlidir. Bununla belə, Fond eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlaya bilməz.
Qeyd edək ki, Fondun yenidən təşkilini və ya ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.