İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ötən il problemli kreditərinin bərpası ilə bağlı gördüyü işləri açıqlayıb.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fondu 40 kredit təşkilatı ilə - Əməkdaşlıq Edir
FED.az xəbər verir ki, Fondun açıqlamasında deyilir:
Ləğv prosesində olan “Texnika Bank”, “Gəncə Bank”, “Atra Bank”, “Dəmir Bank”, “Deka-Bank”, “Kredo Bank”, “Zamin Bank” və “Bank of Azerbaijan” ASC-lərdən, eləcə də “Bank Standard” QSC-dən SİF-in vəsaiti hesabına kredit almış sahibkarlıq subyektlərinin bankların lisenziyası ləğv olunduğu tarixdən 31.07.2018-ci il tarixin qədər geri ödədikləri kredit vəsaitlərinin qaytarılmasından Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) imtinasının qanunsuz və əsassız sayılmasına dair Fondun ərizələrinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarlarından verilmiş kassasiya şikayətləri üzrə Ali Məhkəmədə məhkəmə iclaslarında iştirak edilib, Ali Məhkəmənin müvafiq qərarları ilə kassasiya şikayətləri təmin olunmayıb.
Azərbaycan Mərkəzi Bankının ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə “Atabank” və “AGBank” ASC-lər müflis elan olunub və ADIF banklara ləğvedici təyin edilib. Bununla əlaqədar olaraq qeyd olunan banklar üzrə SIF-in tələbi qeydə alınıb. Banklardakı kreditlərin yığılmasının səmərəliliyinin artırılması məqsədilə SİF ilə ADIF 23 sentyabr 2020-ci il tarixində birgə tədbirlər planı təsdiq olunub.
Tədbirlər planının icrasına uyğun olaraq, ADIF-dən portfel üzrə kreditlərin təminatları barədə məlumatlar alınaraq təhlil edilib, 31 avqust 2018-ci il tarixinə qədər ADIF-də toplanmış 35,8 milyon manat vəsaitin SİF-ə qaytarılması üçün əlavə vəsaitin ayrılması barədə ADIF-dən Nazirlər Kabinetinə ünvanlanacaq məktubun layihəsi hazırlanıb, ödəniş qabiliyyəti yüksək sahibkarlıq subyektlərinin kreditlərinin sağlam banklara köçürülməsi məqsədilə banklara müraciətlər edilib, “Kapital Bank” ASC-nin “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) iştirakı ilə birgə görüşlər keçirilib, o cümlədən “Gədəbəy Mineral Su” MMC, “Aqropol” MMC, “AS İnşaat” MMC və Şükürov İlkin Mirzəxan oğluna ayrılmış kredit portfelini digər bankların götürməsi istiqamətində işlər aparılıb.
SİF-dən “Atabank”a, “Para” ASC BOKT-a, “Fim Finans Kredit İttifaqı”, “Aqroinvest Kredit İttifaqı”, “Yüksəliş Kredit İttifaqı”, “Azəri Finans Kredit İttifaqı” , “A.F.S Kredit İttifaqı” MMC-lərə, Rəsul Rəşidzadə və ortaqları tam ortaqlıq “TAC Kredit İttifaqı"na, “Kömək Kredit İttifaqı” MMC-yə qarşı borc tələbinə dair iddia ərizələri üzrə qaldırılmış iddia ərizələri əsasında kommersiya işləri ilə əlaqədar aidiyyəti məhkəmə orqanlarında Fondun qanuni-hüquqi maraqları qorunaraq, 47 müvafiq məhkəmə qərarlarının çıxarılması təmin edilib. “Atabank”ın ləğvi ilə əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə prosesi üzrə icraata xitam verilib.
“Ağan Kredit İttifaqı”, “Şahsevən Kredit İttifaqı", “Kömək Kredit İttifaqı” və “Ləman Kredit İttifaqı" MMC-lərdən borcun tutularaq ödənilməsi barədə çıxarılmış məhkəmə qətnamələrinin icra vəziyyəti barədə məlumatların təqdim edilməsi barədə müvafiq olaraq İmişli, Beyləqan, Füzuli və Ağsu rayon İcra və Probasiya şöbələrinə sorğular göndərilib, icra tədbirlərinin izlənilməsi məqsədilə onlarla mütəmadi telefon əlaqəsi saxlanılıb.
“Gəncə Bank”, “Azəri Finans Kredit İttifaqı”, “Şahsevən Kredit İttifaqı" və “Ağan Kredit İttifaqı" MMC-lərin rəhbər vəzifəli şəxsləri barədə vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı, eləcə də güzəştli kredit əldə edərək təyinatı üzrə istifadə etməmiş sahibkarlıq subyektləri Xankişiyev Oqtay İsbəndiyar oğlu, Həsənova Tahirə Musa qızı (həyat yoldaşı Zakir Həsənov) barədə açılmış cinayət işləri üzrə müvafiq məhkəmə instansiyalarında keçirilmiş məhkəmə proseslərində zərərçəkmiş şəxs qismində iştirak edilərək Fondun qanuni-hüquqi maraqlarının qorunması təmin edilib.