Azərbaycanda koronavirusun təsirindən zərər görmüş sahibkarlara dəstək üçün yeni üsuldan istifadə ediləcək.
FED.az xəbər verir ki, bu barədə virusun biznes mühitinə mənfi təsirinin azaldılması məqsədilə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış İşçi Qrupun ilk iclasında bildirilib.
Videokonfrans formasında keçirilən iclasda qeyd olunub ki, dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət var. İş adamlarına dəyən zərər, həm də, mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir.
Müzakirələrdə bildirilib ki, ölkədə iqtisadi artıma və iş adamlarına dəstək kompleks tədbirlərlə aparılacaq.
Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.
İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək. Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək.
İşçi Qrupun üzvlərinə zərər çəkən sahələrin müəyyən edilməsi üçün 3 gün ərzində zəruri meyarlara və tətbiq ediləcək vahid yanaşma metodikasına dair təkliflərin hazırlanması tapşırılıb.