Azərbaycanda özəl sektoru Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı işlərin icrasına səfərbər etmək üçün "DİM İnvestor Xəritəsi" ("SDG İnvestor Map") kimi məhsullar vasitəsilə investisiya imkanları və sahələr haqqında məlumatların təmin edilməsi vacibdir.
"Azərbaycanda bizneslərin mütləq əksəriyyətini mikro, kiçik və orta sahibkarlıq təşkil edir"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, "DİM İnvestor Xəritəsi"nin tətbiqi investorları regiona cəlb etmək üçün bazar araşdırması rolunu oynaya bilər.
"Bugünki forumun nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul olundu. Sənəddə qeyd edildiyi kimi, investisiyaların cəlb edilməsi üzrə milli və regional əməkdaşlığın yaradılması regionda ekosistemin inkişafı üçün mühüm addım ola bilər. Əməkdaşlığın formalaşdırılması dövlət qurumları və digər ekosistemin dəstəkçiləri arasında koordinasiyanı təmin edəcək, region ölkələri arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək. Qlobal miqyasda bənzər təcrübələr mövcuddur və ekspertlər, siyasətçilər və alimlər də bu birliklərə cəlb edilir", - deyə nazir müavini qeyd edib.
O, son zamanlarda dünyada baş verən geosiyasi-iqtisadi hadisələr fonunda beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb: "DİM-in icrası üçün çağırışların artması beynəlxalq ictimaiyyətdən yeni həllər tələb edir. Çoxtərəfli inkişaf üzrə maliyyə qurumlarının maliyyələşməni genişləndirməsi güzəştli resursların əlçatanlığını da artıra bilər. DİM-lərin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində bütün maraqlı tərəflərin iştirakı vacibdir. Bu məqsədlə bütün maraqlı tərəfləri DİM-lərə nail olunmasında fəal əməkdaşlığa dəvət edirik". (Report)