Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat-logistika və kommunikasiya qovşağına, regionun ən böyük və dinamik iqtisadi məkanına, 4-cü sənaye inqilabı və strateji investorların maraq mərkəzinə çevrilməsi, onun qlobal dəyər zəncirinə inteqrasiyası və innovasiya əsaslı inkişaf mərhələsinə keçidi üçün möhkəm təməllər yaranıb.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” tədbirində çıxışı zamanı bildirib.
"Artıq Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılıb. 2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirliyimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Bu Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq. “Lokal generativ süni intellekt” təşəbbüsü Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanmasını stimullaşdırmaq məqsədi daşıyır. Təşəbbüsün məqsədi Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarını artırmaq, iqtisadi artımı təşviq etmək, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayelərin yaradılmasını stimullaşdırmaqdır", - deyə nazir müavini qeyd edib.
Sahib Ələkbərovun sözlərinə görə, gələcəkdə Süni İntellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasını tələb edir, yeni təfəkkürə malik mütəxəssislərin yetişdirilməsi və etik standartların müəyyənləşdirilməsini zəruri edir: "Texnologiyanın sürətli inkişafı və qabaqcıl GPT modellərinin yaranması satınalmalar üçün standartların yaradılmasına böyük ehtiyac doğurur. Bu sahədə yeni qaydaların və prosedurların hazırlanması da çox vacibdir. Müəssisələr daxilində Satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın Süni İntellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir. Statistika göstərir ki, Süni intellekt bazarı 2022-ci ildə 136 milyard dollar dəyərində qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3% nisbətində böyüyəcəyi gözlənilir.
Dünya İqtisadi Forumu tərəfindən Süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan Təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər və onlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər.
İstər dövlət qurumlarının, istərsə də özəl müəssisə və təşkilatların fəaliyyətlərində səmərəliliyin təmin edilməsi və ya artırılması üçün süni intellekt, əşyaların interneti, blokçeyn, avtonom robotlar və s. kimi 4Sİ texnologiyaları əsaslı həllər tələb olunur. Bu kimi həllərin təchizatı, satınalınması, istifadəsi və yayılması isə müvafiq ekosistemin formalaşdırılmasını tələb edir ki, fiziki və virtual infrastruktur, o cümlədən qanunvericlik, standartlar və etik çərçivələr bu ekosistemin komponentləridir". (Apa)