Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də qaz sızması aşkar edilib.
Şirkətin “Azəriqaz” İstehsalat Birliyindən FED.az-a verilən məlumata görə, həmin ərazidə qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismara verilməsi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər Bakının bəzi ərazilərində və həmçinin saat 09:00-dan etibarən Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Qaz olmayacaq ərazilər bunlardır: Nəsimi rayonunun Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsi.
Məlumatda qeyd edilib ki, görüləcək təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
“Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq failə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”.
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
21:44
27 Sen 2018