Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələr ilə başlayıb.
Burada “Sənaye sektorunda gələcəyin texnologiyaları”; “Rusiya-Azərbaycan ekoloji dialoqu: standartlar, prioritetlər, perspektivlər”; “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”; “Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin və Azərbaycan Respublikasının ixracatçılarının xarici ticarət əməliyyatlarının müasir xüsusiyyətləri” kimi məsələlər müzakirə edilib.
Forumun yekununda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.
Azərbaycan Prezidentinin müraciətində qeyd olunub ki, iki ölkə arasında tərəfdaşlıq praktik olaraq bütün sferaları əhatə edir, ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir, əmtəə dövriyyəsi artır, yeni istiqamətlər üzrə iş aparılır. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə əməkdaşlığın nəzərdə tutulması iki ölkənin regionlararası səviyyədə daha dərin əlaqələrə can atdığını göstərir.
İclasda çıxış edən Azərbaycan Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, 22 yanvar tarixində imzalanmış “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” əməkdaşlığı daha da gücləndirəcək.
Diqqətə çatdırılıb ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 17,5% artaraq 4,4 milyard dollara çatmışdır. Həmçinin investisiya sahəsində əməkdaşlığı xüsusilə qeyd edərək Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin həyata keçirildiyi bildirilib.
Ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların ümumi həcmi 11 faizdən çox artdığını bildirərək ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışıb.
Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17% artıb.
Qısa müddət ərzində Dağıstan Respublikası, Tatarıstan Respublikası, Başqırdıstan Respublikası, Udmurt Respublikası, Həştərxan vilayəti, Perm diyarı, Ryazan vilayəti və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilib.
Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.
Plenar iclasda həmçinin Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli, Rusiyanın Stavropol diyarı hökuməti sədrinin birinci müavini Andrey Xlopyanov, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Vladimir Nadıkto çıxış edib.
Tədbirdə Naftalan və Qəbələ rayonlarının icra başçıları Vüqar Novruzov və Səbuhi Abdullayev, “Kavkaz.RF” ASC-nin baş direktorunun birinci müavini Andrey Tsemaxoviç, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiyanın Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov və İnşaat və Memarlıq Universitetinin prorektoru Nərgiz Abdullayeva çıxış edərək ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir və təkliflərini bölüşüblər.
Forum çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında keçirilmiş görüşdə ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.