«İqtisadiyyatın ehtiyatlar hesabına yaşadığı dövr başa çatacaq, ölkə iqtisadiyyatında ciddi struktur dəyişiklikləri başlayır». FED.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiulina xəbərdarlıq edib. Onun proqnozuna görə artıq 2-3-cü rüblərdə iqtisadiyyatda problemlər özünü göstərməyə başlayacaq.
Nabiulina etiraf edib ki, sanksiyaların təsiri özünü göstərir və iqtisadiyyatda mürəkkəb dövr başlayır. Rusiya Mərkəzi Bankının rəhbəri etiraf edib ki, iqtisadiyyat yalnız bir neçə ay ehtiyatlar hesabına sabit qala bilər, ama ehtiyatlar tezliklə bitəcək və iqtisadiyyatda dəyişikliklər başlayacaq. Söhbət iqtisadi geriləmə, inflyasiyanın kəskin artımı və biznesin yeni şərtlərlə işləməsindən gedir. Özü də Nabiulina xəbərdarlıq edib ki, Mərkəzi Bank nəyin bahasına olursa olsun inflyasiyanın qarşısını almaq fikrindən uzaqdır, çünki bu biznesin işinə mane ola bilər. Biznes üçün idxal prosesi onsuz da mürəkkəb və bahadır və bu özünü məhsulun satış qiymətində də göstərəcək.
Nabiulina bildirib ki, sanksiyalar ilk növbədə maliyyə sektoruna təsirini göstərib, bundan sonra isə artıq iqtisadiyyat da bu təsiri ciddi hiss etməyə başlayacaq.
Vəziyyət o yerə çatıb ki, Mərkəzi Bank nəinki 2022-ci ildə, hətta 2023-cü ildə də inflyasiyanın normal həddə olacağını gözləmir. «Biz inflyasiya üçün hədəf göstəricisinə – ildə 4% - yalnız 2024-cü ildə qayıda biləcəyik»-deyə Rusiyanın baş bankiri xəbərdarlıq edib.
Bununla yanaşı, Nabiulina bildirib ki, Rusiyanın bank sektoru möhkəmdir və təsirlərə davam gətirə biləcək. 2022-ci ilin əvvəlinə bank sektorunun kapital ehtiyatı 7 trilyon rubl təşkil edib ki, bu da kreditlər üzrə 10%-lik itkini qarşılamağa imkan verir.
Sanksiyalar nəticəsində Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsini bloklanması da Mərkəzi Bankın işini çətinləşdirib. Nabiulina bildirib ki, hazırda Mərkəzi Bank bütün ehtiyatların yalnız yarısından istifadı edə bilir.
«Bu qızıl, yuan və başqa – sanksiyalara məruz qalmayan aktivlərdir. Amma onlar daxili bazarda valyuta ilə bağlı vəziyyəti idarə etməyə imkan vermir».