2023-cü ildə Azərbaycan iqtisadiyyatına Rusiyanın investisiyaları $295 milyon təşkil edib. Bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk məlumat verib.
Rusiya vətəndaşı Azərbaycanda 17 min manatlıq şirkət yaradıb
FED.az xəbər verir ki, dünən Overçuk Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə danışıqlar aparıb.
«Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyinə daxil olan aktual məsələləri nəzərdən keçiriblər, ticarət-iqtisadi sahə, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizmdə əməkdaşlığın inkişafı istiqamətində birgə addımları ətraflı müzakirə ediblər».
Tərəflər ticarətin inkişafının müsbət dinamikasını qeyd ediblər və vurğulayıblar ki, 2023-cü ilin yekunlarına əsasən Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 17,5% təşkil edib.
«Rusiya Azərbaycan iqtisadiyyatına ən çox birbaşa investisiya cəlb edən beş ölkədən biridir, 2023-cü ildə Rusiya Azərbaycana $295 milyon sərmayə qoyub», - Overçuk bildirib.
Birgə işlərin mühüm istiqamətləri arasında sənaye kooperasiyası və əməkdaşlıq qeyd olunub, onun çərçivəsində tərəflər avtomobilqayırma, aviasiya, əczaçılıq və digər sahələrdə kooperasiya layihələrini həyata keçirirlər.
Hökumətlərarası Komissiyanın həmsədrləri işgüzar dairələrin xətti ilə qarşılıqlı əlaqənin yüksək səviyyədə olduğunu qeyd ediblər. 2023-cü ildə Rusiya Federasiyasının 20-dən çox subyekti Azərbaycana 25 biznes missiya həyata keçirib.
Görüş zamanı nəqliyyat-logistika sahəsində də qarşılıqlı fəaliyyət nəzərdən keçirilib, beynəlxalq keçid məntəqələrinin işinin təşkilində irəliləyiş qeyd olunub. .
«Nəqliyyat sahəsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişafı istiqamətində fəal işlər aparırıq, bu dəhlizin qərb marşrutunu inkişaf etdiririk» - Overçuk qeyd edib.
Görüşün yekunlarına dair həmsədrlər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə tədbirlər planı («yol xəritəsi») imzalayıblar. Plan ticarət-iqtisadi, nəqliyyat, sənaye, kənd təsərrüfatı, enerji, mədəni-humanitar sahələri üzrə yeddi əsas istiqamət çərçivəsində əməkdaşlıq, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlıq işlərini əhatə edir.
Tərəflər əməkdaşlığın bütün istiqamətləri üzrə münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. (İnterfaks-Azərbaycan)