Rusiya Parlamentinin alt qanadı Dumada millət vəkilləri, Vaşinqtonun yeni sanksiyalarına cavab tədbirləri kimi, ABŞ-dan müxtəlif mal və xidmətlərin idxalını qadağan edən əhatəli bir qanun layihəsi hazırlayıb.
FED.az BBC-yə istinadən xəbər verir ki, layihə, ərzaq alkoqol, tütün, proqram təminatı, dərman və məsləhət xidmətləri daxil bir çox sektoru əhatə edir.
Rusiya hökuməti təklifi araşdırdığını və millət vəkillərinin ABŞ-a bu şəkildə sanksiyalarla cavab vermək istəyini də anlayışla qarşıladığını açıqlayıb.
ABŞ Xəzinə Nazirliyi, keçən həftə Rus oliqarxlar və onların nəzarətində olan şirkətlər, bəzi hökumət rəsmiləri, Rusiyanın bir silah şirkəti və bir bank daxil cəmi iyirmidən çox adam və təşkilatı sanksiya siyahısına daxil etdiyini açıqlamışdı.
Rusiya isə ABŞ-ın bu addımını "skandal" və "qeyri-qanuni" olaraq qiymətləndirmişdi.
Rusiya Parlamentinə tez-tez xarici dövlətlərə qarşı bu kimi iddialı mesajlar verən təkliflər gəlsə də, bunların çoxunun qəbul edilmədiyi məlum olur.
Kremlə yaxın deputatların hazırladığı təklif, Dumada gələn həftə baxılacaq.
Reuters-ın məlumatlarına görə, Rusiya 2017-də ABŞ-dan 12,5 milyard dollar dəyərində mal idxal edib. Bunlar arasında döyüş təyyarələri, dərman və kimya sənaye məhsulları da var.