“Bazarda rəqabət problemlərinin həllinə imkan verən işlək, çevik və çəkindirici qanunvericilik alətlərinin olması vacibdir ki, sahibkarlıq inkişaf etsin. Bu səbəbdən milli bazarda təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən Rəqabət Məcəlləsinin tətbiqi özəl sektorun inkişafına dəstək olacaq”.
Dövlət Xidməti: "Bu məcəllə əsassız qiymət artımı ilə mübarizədə əsas alət olacaq"
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev müsahibəsində Rəqabət Məcəlləsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.
FED.az həmin müsahibəni təqdim edir:
- Cəfər müəllim, Rəqabət Məcəlləsinin qəbul edilməsi iqtisadi tənzimləmədə səmərəliliyin artırılmasına necə təsir edəcək?
- İqtisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq edilir ki, bu da daha səmərəli tənzimləmə alətlərinin tətbiqinə zərurət yaradır. Bundan irəli gələrək, dünyanın bir çox ölkələri öz rəqabət qanunvericiliklərini inkişaf etdirir, mövcud rəqabət problemlərinin həllinə istiqamətlənən və təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən qanunvericilik normaları yaratmağa çalışırlar. İqtisadiyyatı inkişaf edən Azərbaycanda da rəqabət qanunvericiliyinin təsir dairəsinin genişləndirilməsi və effektivliyinin artırılması böyük əhəmiyyət daşıyır. İqtisadi tənzimləmələrin səmərəliliyini yüksəldən əsas amillərdən biri bazarın təbii ahəngini pozmayan, rəqabət mühitinə mənfi təsir göstərən müdaxilələrin qarşısını alan tənzimləyici alətlərdən istifadədir. Bu məqsədlə bir neçə istiqamət üzrə təkmilləşdirmələr və yeni konsepsiyalar müəyyən edilib.
Effektiv rəqabət tənzimləmələrinin aparılması üçün, ilk növbədə, bazar sərhədlərinin düzgün müəyyən edilməsi vacibdir. Digər istiqamət “hökmran mövqe” anlayışının təsbit edilməsində alətlərin genişləndirilməsidir. Rəqabət iqtisadiyyatında “hökmran mövqe” anlayışı bazara təsiretmə gücü yaradan təsərrüfat subyektlərinə şamil edilir. Səmərəli bazar tənzimləmələrinin aparılması məqsədilə bazar iştirakçılarının bazara təsir imkanları və onların düzgün müəyyən edilməsi vacibdir.
Digər əhəmiyyətli istiqamət olan iqtisadi təmərküzləşmələrə nəzarət tədbirləri bazarlarda rəqabətin qorunmasının ən vacib elementlərindən biri hesab olunur. Məcəllədə iqtisadi təmərküzləşmələrə nəzarət tədbirləri çərçivəsində hüquqi alətlər genişləndirilib. Təmərküzləşmənin qiymətləndirilməsində rəqabətlə yanaşı, digər bazar təsirləri də nəzərə alınmaqla, daha səmərəli tənzimləmə meyarları müəyyən edilib.
Bundan əlavə, Rəqabət Məcəlləsində rəqabət mühitinə təsir edən sazişlərin qiymətləndirilməsi və onlarla mübarizə, habelə təsərrüfat subyektlərini bu kimi sövdələşmələrdən (sazişlərdən) çəkindirən hüquqi alətlər təsbit edilib.
Rəqabət Məcəlləsində rəqabət mühitinə təsir edən sazişlərin
qiymətləndirilməsi və onlarla mübarizə, habelə təsərrüfat subyektlərini bu
kimi sövdələşmələrdən (sazişlərdən) çəkindirən hüquqi alətlər təsbit edilib
- Məcəllə sahibkarların fəaliyyəti üçün hansı hüquqi çərçivə və iqtisadi əsasları müəyyənləşdirir?
- Rəqabət Məcəlləsində rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazarda birgə hökmran mövqe vəziyyəti, subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi və s. kimi bir sıra yeni tənzimləmə meyarları öz əksini tapıb.
Həmçinin bazar subyektlərinin hüquq və vəzifələri, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər, hökmran mövqedən sui-istifadə halları, bu kimi hallarda obyektivlik və səmərəliliyin əsaslandırılması imkanı, haqsız rəqabətin formaları, iqtisadi təmərküzləşmə hesab edilən hallar, onların yeni qiymətləndirilmə meyarları, təbii inhisar subyektlərinin fəaliyyətinə dair təkmil nəzarət alətləri, təsnif edilmiş məsuliyyət tədbirləri kimi yeni normalar müəyyənləşdirilib və ya mövcud normalar təkmilləşdirilib.
Məcəllənin tətbiqi ilə beynəlxalq təcrübə əsasında müvafiq bazar sərhədlərinin və subyektlərin bazar paylarının təkmil alətlər vasitəsilə müəyyən edilməsinə nail olunması gözlənilir. Həmçinin rəqabəti məhdudlaşdıran sazişlərin və təmərküzləşmələrin bazara təsirinin yeni meyarlarla qiymətləndirilməsi, inhisarçılığa, kartel sövdələşmələrinə və qiymət manipulyasiyalarına qarşı effektiv mübarizə aparılması ilə müsbət nəticələrə nail olunacaq.
- Bazarlara giriş maneəsinin aradan qaldırılmasında sənədin əsas rolu barədə nə deyə bilərsiniz?
- Özəl sektorun inkişafına dəstək verən amillərdən başlıcası sahibkarlıq subyektlərinin iştirak etdiyi bazarlarda rəqabət mühitinin qorunması və bazarın bütün iştirakçılarının eynişərtli rəqabət imkanlarının təmin edilməsidir. Rəqabət Məcəlləsinin hüquqi qüvvəyə minməsi ilə özəl sektorun bazara girişinə maneə yaradan inhisarçı davranışlara, rəqabət mühitinə mənfi təsir göstərən təmərküzləşmələrə və digər hökmran mövqedən sui-istifadə hallarına qarşı mübarizə imkanları genişlənəcək. Bu da öz növbəsində bazara giriş maneələrinin aradan qaldırılmasında müsbət nəticələrə gətirib çıxaracaq.
Rəqabət Məcəlləsində yer alan effektiv hüquqi alətlərin təsərrüfat subyektlərini rəqabət intizamını pozan əməllərdən çəkindirməsi və təmərküzləşmələrə nəzarət siyasəti ilə bazarlara süni giriş maneələrinin qarşısının alınmasında effektivliyə nail olunacaq.
Məcəllənin qüvvəyə minməsi ilə biznes mühitinin inkişafının qarşısını alan,
inhisarçı davranış hesab edilən hallara qarşı mübarizə imkanları genişlənəcək
- İcra mexanizmləri çərçivəsində mikro, kiçik və orta sahibkarlığın maraqlarının qorunması və onların gələcək inkişafı necə təmin olunacaq?
- Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi biznes subyektlərinin iqtisadi fəaliyyətinin dayanıqlılığının təmin olunmasına geniş imkanlar yaradacaq. Bazara sərbəst girişin təmin edilməsi bazar münasibətlərini inkişaf etdirir, iqtisadi məhsuldarlıq artır və özəl sektorun səmərəliliyi yüksəlir.
Bazarda rəqabət problemlərinin həllinə imkan verən işlək, çevik və çəkindirici qanunvericilik alətlərinin olması vacibdir ki, sahibkarlıq inkişaf etsin. Bu səbəbdən milli bazarda təsərrüfat subyektlərini inhisarçı davranışlardan çəkindirən Rəqabət Məcəlləsinin tətbiqi özəl sektorun inkişafına dəstək olacaq. Belə ki, Məcəllənin qüvvəyə minməsi ilə biznes mühitinin inkişafının qarşısını alan, inhisarçı davranış hesab edilən hallara qarşı mübarizə imkanları genişlənəcək.
Xüsusilə də inhisarçı qiymətlər, bazara süni giriş maneələri, rəqabət mühitinə mənfi təsir göstərən təmərküzləşmələr, hökmran mövqedən sui-istifadə hallarına qarşı yeni mexanizmlərdən istifadə özəl sektorun inkişafı üçün nəzərəçarpan faydalar yaradacaq. Yeni hüquqi alətlərdən istifadə ilə bazarlarda rəqabət intizamının güclənməsi təmin olunacaq, bununla da mikro, kiçik və orta sahibkarların bazara asan giriş imkanları artacaq.
- Demək olarmı ki, bu, həmçinin, bazar iştirakçılarının, yerli təsərrüfat subyektlərinin sayının artmasına müsbət təsir göstərəcək?
- Dayanıqlı rəqabət mühitinin təmin olunduğu və giriş maneəsi olmayan bazarlar investorlar üçün cəlbedici mühit hesab olunur. Həmçinin şəffaflıq və qərəzsizlik prinsiplərini ehtiva edən rəqabət qanunvericiliyi investisiya qərarlarının qəbul edilməsində vacib amillərdən biridir. Rəqabətli bazar şəraitində bazar üzrə gəlirlər daha optimal bölünür, müasir texnologiyalar və müvafiq nou-hauya malik xarici investorların cəlb edilməsi asanlaşır, investisiya axını sürətlənir.
Rəqabət Məcəlləsinin tətbiqi ilə müvafiq bazarlarda rəqabət problemlərinə dair effektiv tənzimləmələr aparılacaq. İnhisarçı davranışlara qarşı məsuliyyət tədbirləri sərtləşdiriləcək. Nəticədə həmin bazarlarda yerli və xarici sahibkarlar üçün əlverişli biznes mühiti yaranacaq. Bununla da təsərrüfat subyektlərinin sayının artması, yeni iş yerlərinin yaranması və nəticə etibarilə, iqtisadiyyata ümumi investisiyaların həcminin artması gözlənilir.
Rəqabətin təmin olunması ilə birlikdə iqtisadiyyatın investisiya cəlbediciliyinin artmasından irəli gələn yerli və xarici sərmayə qoyuluşları son nəticədə yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
- Rəqabət Məcəlləsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesinə nə kimi töhfələr verəcək?
- İşğaldan azad edilmiş ərazilərdə yeni coğrafi bazarların yaranması və indiyə qədər mövcud olmayan biznes mühitinin ortaya çıxması gözlənilir. Yeni coğrafi ərazilərdə bazarların formalaşması və inkişafı mərhələsində rəqabət mühitinin yaradılması böyük əhəmiyyətə malikdir.
Bu baxımdan işğaldan azad olunan ərazilərdə iqtisadi dirçəlişin baş tutması üçün orada rəqabəti təmin edən qanunvericilik çərçivəsinin tətbiqi vacibdir. Hesab edirik ki, işğaldan azad olunan ərazilərdə yeni formalaşan bazar münasibətlərində bütün bazar iştirakçılarının eyni şərtlərlə rəqabət aparmaq imkanlarının qorunması mütləqdir. Rəqabət Məcəlləsinin hüquqi alətləri bu ərazilərdə iqtisadi inkişaf prosesində rəqabət intizamının qorunub saxlanılmasına şərait yaradacaq.
İşğaldan azad olunan ərazilərdə yeni formalaşan bazar
münasibətlərində bütün bazar iştirakçılarının eyni şərtlərlə rəqabət
aparmaq imkanlarının qorunması mütləqdir. Rəqabət Məcəlləsinin
hüquqi alətləri bu ərazilərdə iqtisadi inkişaf prosesində rəqabət
intizamının qorunub saxlanılmasına şərait yaradacaq
- Məcəllənin tətbiqi əsassız qiymət artımı ilə mübarizəyə, məhsul və xidmətlərin keyfiyyətinin artmasına səbəb olacaqmı?
- Rəqabət şəraitində qiymətlər istehlakçılar üçün uyğun səviyyədə formalaşır, bazarda qalmaq istəyən təsərrüfat subyektləri məhsulun keyfiyyətini, çeşidini artırmağa yönəlir ki, bazar paylarını qoruyub saxlaya bilsinlər. Belə ki, digərləri ilə rəqabət aparmaq və ya bazarda qalmaq üçün təsərrüfat subyektləri daha aşağı qiymətə, keyfiyyəti yüksək və müxtəlif çeşidlərdə məhsulları bazara təklif etməlidirlər. Bu da öz növbəsində innovasiyanı, səmərəliliyin artırılmasını şərtləndirir.
Nəticə etibarilə rəqabət istehlakçıları daha aşağı qiymətlərdə, müxtəlif çeşidlərdə və innovativ məhsullarla təmin etmə imkanı yaratmaqla innovasiyanın və iqtisadi səmərəliliyin artırılmasına da müsbət təsir göstərir.
- Rəqabət Məcəlləsinin tətbiqi sosial rifahın yüksəldilməsinə necə təsir edəcək?
- İlk olaraq onu qeyd edim ki, əhalinin sosial rifahının əsas elementi iqtisadi artım və iqtisadi inkişafdır. Bazarda sağlam rəqabət mühitinin formalaşması və ya çoxiştirakçılığın təmin olunması bir neçə aspektdən iqtisadi göstəricilərə müsbət təsir göstərir. Eyni zamanda, rəqabət mühitində davamlı olaraq yeni biznes sahələri yaranır, mövcud biznes sahələrinə yeni bazar subyektləri daxil olur. Yəni iqtisadiyyat müsbətə doğru davamlı transformasiyaya məruz qalır.
Rəqabət iqtisadi inkişafın və azad bazar iqtisadiyyatı modelinin düzgün işləməsinin əsas amilidir. İqtisadi inkişaf da birbaşa məhsuldarlığın artması, adambaşına düşən ÜDM-in artması, sosial vəziyyətin yaxşılaşması deməkdir. Bu səbəbdən Rəqabət Məcəlləsinin tətbiqinin sosial rifah üzərində müsbət təsirlərinin olması mütləqdir.
Nəticə etibarilə rəqabət qanunvericiliyinin yeni çağırışlara cavab verməsi və bazarlarda rəqabətli mühitin təmin edilməsi mikro səviyyədə istehlakçıların daha aşağı qiymətlərdə əmtəə və xidmət istehsalına, makro səviyyədə isə iqtisadi inkişafın stimullaşdırılmasına və dayanıqlı iqtisadi artımın ortaya çıxmasına səbəb olur. Digər tərəfdən, rəqabətli mühit və ya rəqabət təsərrüfat subyektlərinin səmərəli istehsalını artırmaq üçün innovasiya fəaliyyətlərinin də əsas hərəkətverici qüvvəsidir. Yəni texnoloji inkişafın baş verməsi üçün ən əhəmiyyətli şərtlərdən biri rəqabətli mühitin mövcud olmasıdır. (vergiler.az)