Azərbaycan Respublikasının Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə 2023-cü il 28 aprel tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Dövlət Xidməti 2 ayda haqsız rəqabətə yol verilməsi barədə - 34 MÜRACİƏTƏ BAXIB
FED.a zxəbər verir ki, tədbirdə ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin, o cümlədən Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistanın peşəkar audit və mühasibatlıq qurumlarından ibarət 100-ə yaxın nümayəndə iştirak edib.
Beynəlxalq konfransda Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfransı açaraq qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və konfrans öz işinə başlayıb.
Daha sonra azad və sağlam rəqabət mühitinin ölkədə sahibkarlığın formalaşması və inkişafındakı rolundan bəhs edərək rəqabətin biznes sektorunun səmərəliliyinə və iqtisadi artıma təsirləri barədə fikirlərini bölüşüblər.
Konfrans çərçivəsində rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxış, dost vergi sistemi – inkişafın əsas amili kimi, peşəkar xidmətlər sahəsində rəqabətlilik, Azərbaycanda auditor xidməti bazarında rəqabət, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri, haqsız rəqabətlə mübarizə iqtisadi inkişaf amili kimi, Azərbaycanda maliyyə inklüzivliyi və iqtisadi artım məsələlərinə dair məruzələr dinlənilib, təcrübə mübadiləsi və geniş müzakirələr aparılıb.
Konfransda həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İdarə heyətinin üzvü Cemal İbiş, Qazaxıstan Respublikası Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan, Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının Baş direktoru Olqa Nosova, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov, Özbəkistanın Milli Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Münəvvər Tulaxocayeva, “Deloitte and Touche” MMAC-nin Audit üzrə direktoru Elxan Əliyev, Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Belarus Respublikası Auditorlar Palatasının Beynəlxalq Standartların tətbiqi üzrə komitəsinin sədri Aleksandra Qridyuşko, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, professor Əlövsət Əliyev, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar Departamentinin Makroiqtisadi tədqiqatlar şöbəsinin iqtisadçısı Zübeydə İmanova məruzələrlə çıxış ediblər.
Beynəlxalq elmi-praktik konfrans çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatası arasında Əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər auditor xidmətlərinin dövlət satınalmaları zamanı rəqabət prinsiplərinin təşviqi və bu istiqamətdə sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlayacaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər.
Konfransın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb.