Standartlar məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. Beynəlxalq standartlar, dövlətlərarası standartlar, milli standartlar kimi kateqoriyalara bölünən standartların hər biri cəmiyyətdəki fərdlərin həyat və sağlamlığı, əmlakı, eyni zamanda ətraf mühit üçün təhlükə yarada bilən iş və xidmətlər üçün norma və qaydaları müəyyən edir. Azərbaycanda da son illər standartlaşdırma sahəsində intensiv və ciddi işlər görülür.
Azərbaycanda 10 ayda 73 yeni dövlət standartı - QƏBUL EDİLİB
Azərbaycana idxal edilən körpə uşaq qidalarına dair yeni tələb müəyyənləşib
FED.az ölkəmizdə standartlaşdırma ilə bağlı görülən işlər, qarşıda duran məsələlərlə bağlı Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramovun müsahibəsini təqdim edir.
- İlham müəllim, Azərbaycan Standartlaşdırma İnstitutunun builki fəaliyyətini necə dəyərləndirirsiniz və builki hədəflərə çata bilmisinizmi?
- Azərbaycan Standartlaşdırma İnstitutunun cari ildəki fəaliyyətini ümumilikdə uğurlu hesab etmək olar. Cari il ərzində 96 yeni standart qəbul edilib və bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir. Bu il ərzində 60 dövlət standartı dövri yoxlamadan keçirilib. Son iki ildə 2465, cari ilin 10 ayında isə 677 müasir beynəlxalq standartın ölkədə tətbiqinə icazə verilib.
Bundan əlavə, Normativ Sənədlərin İdarə Edilməsi Sistemi istifadəyə verilməklə standartların dövlət reyestrinin avtomatlaşdırılması təmin edilib və Elektron Satış Platforması yaradılıb. Hazırda dövlət fondunda olan standartların ön izlənməsi və onlayn qaydada əldə edilməsi təşkil edilib ki, bu da standartların əlçatanlığı baxımından çox vacib bir mexanizmdir. Beynəlxalq təmsilçilik və xarici standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq baxımından da mühüm işlər görülür.
İlk dəfə olaraq, Azərbaycanda ISO-nun 2 güzgü standartlaşdırma üzrə Texniki Komitəsi yaradılıb. Bu deməkdir ki, ISO-nun bu komitələrdə qəbul edilən standartlara ölkəmizin mövqeyi ifadə edilir və mütəxəssislərimizin rəy və təklifləri nəzərə alınır. Bundan başqa, AZSTAND ISO-nun 32 texniki komitəsində, Elektrotexnika Komissiyasının 3 texniki komitəsində, MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) 30-a yaxın texniki komitəsində üzv qismində iştirak edir.
Əlavə olaraq, geniş maarifləndirmə işləri və layihələr həyata keçiririk:
∙ Hazırda ISO-nun Gender Fəaliyyət Planının (GAP) hazırlanması və “Energy Management” layihələrində iştirak edirik;
∙ AZSTAND-ın təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) TAIEX layihəsi çərçivəsində Rüşvətxorluğa qarşı idarəetmə sistemləri, Oyuncaqların təhlükəsizliyi üzrə milli texniki reqlamentin hazırlanması, Yuyucu vasitələr üzrə milli texniki reqlamentin hazırlanması mövzularında maraqlı tərəflərin iştirakı ilə seminarlar keçirilib;
∙ Britaniya Standartları İnstitutu (BSİ) və AZSTAND-ın birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində idarəçiliyə həsr olunmuş seminar keçirilib;
∙ PTB-nin “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi üzrə seminarlar keçirilib;
∙ Litva Standartlar Şurası (LST) ilə Anlaşma Memorandumu imzalanıb;
∙ Amerika Test və Materiallar Cəmiyyəti (ASTM) arasında rəsmi nəşrlərini yaymaq üçün əməkdaşlığa dair müqavilə imzalanıb;
∙ Rusiyanın Texniki Tənzimləmə, Standartlaşdırma və Metrologiya üzrə Federal Agentliyi ilə əldə olunmuş razılığa əsasən “Rosstandart”ın bütün standartlarına onlayn çıxış imkanı yaradılacaq.
∙ Türkiyənin və Rusiyanın milli standartlarına giriş əldə edə bilirik.
- Standartların hazırlanması və qəbulu həm məsuliyyətli, həm də çətin prosesdir. Yeni standartların qəbulu zamanı hansı çətinliklərlə üzləşirsiniz və bunun qarşısını almaq üçün hansı addımlar atırsınız?
- Standartların qəbulunda müəyyən çətinliklərimiz var. Əsas məsələ odur ki, bu sahədə məlumatlılıq kifayət qədər deyil. Standartlaşma sahəsində maraqlı tərəflər aktiv iştirak etmir. Standartlaşdırma üzrə bir sıra Texniki Komitələrin fəaliyyəti qənaətbəxş deyil. Bundan başqa, standartların könüllü olmağı çaşdırıcı şərait yaradır. Düşünürük ki, standartların könüllü prinispi varsa, bu tətbiq olunmaya bilər, buna ehtiyac yoxdur. Bir çox xarici ölkələrin milli standartlaşdırma qurumları ilə əməkdaşlıq edirik. Keçən il Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Tvinninq layihəsi yekunlaşdı. Həmin layihədə Almaniya, İsveç və İspaniyanın milli standartlaşdırma qurumları cəlb edilmişdi. Onların təcrübələrini yaxından öyrənməyə çalışdıq. Bu ölkələr Avropanın ən inkişaf etmiş ölkələrdir. Onlardan soruşanda, “Standartlar sizdə könüllü xarakter daşıyır, ola bilərmi ki, bunlar tətbiq olunmur?”. Onlar bunu başa düşmürdülər. Çünki özünə hörmət edən hər bir sahibkarlıq subyekti əgər mal istehsal edirsə, xidmət göstərirsə mütləq şəkildə istehsal etdiyi malın, təqdim etdiyi xidmətin hansı standarta uyğun olduğunu bəyan etməlidir. Bu bəyan mütləq şəkildə reallığa əsaslanır. Əgər sahibkarın istehsal etdiyi malın bəyan etdiyi standarta uyğun olmaması dövlət qurumları tərəfindən aşkar olunarsa, həmin sahibkarlıq subyekti üçün ciddi cəzalara tətbiq olunur ki, heç bir ağıllı sahibkar bu riskə getməz. Bu baxımdan maarfilənməyə ehtiyac var. Belə olanda standartların faydaları təsir göstərəcək.
Eyni zamanda, kadr çatışmazlığı da mövcuddur. Bu çətinliklərin aradan qaldırılması üçün biz adekvat tədbirlər görürük. Belə ki, institutun rebrendinq layihəsi həyata keçirilmiş, yeni internet səhifəsi, loqo, həm də keyfiyyət nişanı təqdim edilib, demək olar ki, bir çox sosial şəbəkə hesabları yaradılıb və aktiv şəkildə idarə edilir, müvafiq dövlət və özəl sektora aid subyektlərlə görüşlər keçirilir (misal üçün son bir ildə 80-dən çox müəssisə ilə iki tərəfli görüşlər keçirilib), çoxsaylı məlumatlandırıcı tədbirlər təşkil edilib, müvafiq idarəetmə standartları üzrə beynəlxalq ekspertlər cəlb edilməklə təlim-seminarlar təşkil edilib, elə bir-neçə gün bundan əvvəl 100-dən çox nümayəndənin iştirakı ilə ümumdünya standartlaşdırma gününə həsr edilmiş tədbir keçirilib. Burada standartlaşdırma fəaliyyəti, görülmüş işlər və standartların faydaları, Texniki Komitələrin fəaliyyəti və digər mövzular üzrə çıxışlar, təqdimatlar keçirilib və fikir mübadiləsi aparılıb. Bütün bunların məqsədi standartlaşdırma haqqında məlumatlılığın artırılması və istehlakçıların maarifləndirilməsdir. Məmnunluqla deyə bilərik ki, aparılan işlər öz müsbət nəticələrini verməkdədir və biz bu inkişafı görürük. Misal üçün təsərrüfat subyektlərinə, yəni yerli sahibkarlarımızın dəstəklənməsi üçün 2020-ci ildə 338 , 2021-də 221, 2022-də 235 və cari ilin 10 ayında 677 standartın tətbiqinə icazə verilib ki, bu da müasir standartların tətbiqinin müsbət dinamikasının göstəricilərindən biridir. Kadr hazırlıq sahəsində də Dövlət Universitetləri ilə əməkdaşlıq həyata keçirilir. Tələblər üçün təcrübə proqramı təşkil edilir. Məhz keyfiyyət infrastrukturu sahəsində müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək verilməsi üçün AİBNDX ilə ADNSU və UNEC arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb və bununla bağlı zəruri fəaliyyətlər həyata keçirilir. Həmçinin institutun öz mütəxəssisləri ilə bağlı da ciddi iş aparırıq, beynəlxalq təşilatların keçirdiyi seminarlarda, təlimlərdə iştirak edirik. Bu, yerli mütəxəsisslərimizin beynəlxalq səviyyəli ekspertlər kimi formalaşmasına zəmin yaradır.
Maliyyələşmə ilə bağlı problemlər var. Standartlaşdırma üzrə Texniki Komitələr demək olar ki, maliyyələşmir. Amma beynəlxalq səviyyədə, o cümlədən Avropa ölkələrində standartların hazırlanması, onların qəbulunda maraqlı olan sahibkarlıq subyektləri assosiasiyalar tərəfindən maliyyələşir. Dövlətin marağına xidmət edən standartlar isə dövlət büdcəsindən maliyyələşir. Keçən ildən artıq dövlət büdcəsindən bu sahəyə vəsait ayrılır, bu, minimum tələbləri ödəyir. Bunun nəticəsində AZSTAND-ın fəaliyyəti aktivləşib. Ölkəmizə beynəlxalq arenada böyük maraq var. Standartlaşdırma üzrə texniki komitələrin iclaslarının Azərbaycanda keçirilməsi üçün bizə müraciət edilib. Növbəti ildə iki Texniki Komitənin iclası Azərbaycanda keçirilə bilər.
- İnsanların sağlamlığı üçün səhiyyə sistemində standartların olması çox vacibdir. Siz də çıxışlarınızda səhiyyə sahəsində standartların qəbul edilməsinin vurğulamısınız. Deyə bilərsinizmi səhiyyə sahəsində ilkin mərhələdə qəbul edilməli standartlar hansılardır?
- Təkcə səhiyyə yox, malların təhlükəsizliyi, insanların sağlamlığı dövlətin maraqlarının qorunması, ətraf mühitin mühafizəsi üçün standartların qəbul olunmasına ehtiyac var. Bütün bu məsələlər Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda təsbit olunub. Bu dövlət proqramında səhiyyə sahəsində malların təhlükəsizliyinin təmin olunması üzrə milli texniki reqlamentlərin qəbul edilməsi və həmin milli texniki reqlamentlərin də əsas tələblərini müəyyən edən və beynəlxalq standartlar əsasında milli dövlət standartlarının qəbul olunması nəzərdə tutulur. Biz bu istiqamətdə hal-hazırda Səhiyyə Nazirliyi ilə iş aparırıq. Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, standartlar standartlaşdırma üzrə Texniki Komitələr vasitəsilə qəbul olunur. Biz hazırda Səhiyyə Nazirliyi ilə həmin Texniki Komitənin yaradılması istiqamətində iş aparırıq. Burada Səhiyyə Nazirliyi əsas icraçı olaraq səhiyyə sahəsində həm texniki reqlamentlərin, həm də bu reqlamentlərin istinad standartlarının qəbul edilməsi nəzərdə tutulur. Konkret say demək çətindir. Çünki texniki reqlamentlərin istinad standartları müxtəlif olur. Elə standartlar var ki, tikinti sahəsində texniki reqlament qəbul olunacaq ki, onun mindən çox istinad standartları var. Bu rəqəmlər dəyişir. Deyə bilərəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumları ilə birlikdə bu istiqamətdə kompleks işlər aparılır. Növbəti illərdə də bununla bağlı nəzərdə tutulan həm reqlamentlərin, həm dövlət standartlarının qəbulu reallaşacaq.
- Digər vacib məsələ uşaq qidaları ilə bağlıdır. Belə standartların olması nəinki gələcək nəsil üçün, həm də cəmiyyət üçün çox önəmlidir. Bununla bağlı hansı standartlar qəbil edilməlidir, AZSTAND-ın bununla bağlı planları nələrdir?
- Uşaqların təhlükəsizliyi bizim üçün prioritet məsələlərdən biridir. AZSTAND bu istiqamətdə bir sıra işlər görüb. İlk olaraq Avropa ittifaqının dəstəyi ilə TAEX layihəsini həyata keçirdik. Bu, məhz uşaq oyuncaqlarının təhlükəsizliyi ilə bağlı milli reqlamentlərin və standartların hazırlanmasına həsr olunmuş beynəlxalq seminar idi. Burada əsas məqsəd tezliklə uşaq oyuncaqlarına dair texniki reqlament və istinad edilmiş standartların qəbuludur. Biz bu texniki reqlamentin qəbul olunmasını gözləmədən dərhal bu standartların qəbuluna başlamışıq. Artıq 3 dövlət standartı qəbul olunub. Bu, sırf uşaq oyuncaqları və uşaq qidaları ilə bağlıdır, 6 dövlət standartının layihələri hazırlanıb və hazırda onlar qəbul mərhələsindədir. Dövlət reqlamentləri, texniki reqlamentlər və standartlar qəbul olunduqdan sonra uşaq oyuncaqları ilə bağlı təhlükəsizlik riskləri tam aradan qaldırılacaq. Hələ ki, texniki reqlament qəbul olunmayıb. Mövcud qanunvericiliyə əsasən, texniki reqlament olmadığı halda bütün mallara, xidmətlərə dair tələbləri, o cümlədən təhlükəsizlik tələblərini də standartlar müəyyən edir. Bununla bağlı standartlar mövcuddur.
Uşaq oyuncaqları Azərbaycana xaricdən idxal olunur. İdxalçılar ölkəyə idxal olunan oyuncaqların ölkəmizdə qəbul olunmuş standartlara uyğunluğunu təmin etməlidirlər. Hazırda ciddi dövlət nəzarəti yoxdur. Bildiyiniz kimi hal-hazırda yoxlama prosesləri həyata keçirilmir. Sahibkarlar da bundan sui-istifadə etməməlidirlər. Ən vacib məsələ, müasir dövrdə standartların tətbiqi sahəsində könüllük prinsipi onu ehtiva edir ki, burada ciddi ictimai nəzarət olmalıdır. Uşaq oyuncaqlarının istehlakçıları mal alarkən onun standarta uyğunluğunu sorğulamalıdırlar. Eyni zamanda, bunun standarta uyğunluğu isə həmin malların uyğunluğunun qiymətləndirilməsi nəticəsində verilən uyğunluq sertifikatı ilə təsbit edilir. Fəaliyyət istiqamətlərimizdən biri də bu sahədə ictimai məlumatlılığı artırmaqdır. Bununla da malların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sahəsində ictimai aktivliyi gücləndirmək və ictimai nəzarəti artırmaq bizim hədəflərimizdəndir.
- Hazırda bazarda mənşəyi məlum olan və olmayan xeyli sayda yuyucu və təmizlik vasitələri var. Bu sahədə də təhlükəsizlik çox vacibdir. Yuyucu vasitələr ilə bağlı hazırda vəziyyət nə yerdədir və hansı standartlar qəbul edilməlidir?
- Hər bir insan gündəlik yuyucu vasitələrindən istifadə edir. Yuyucu vasitələrinin insan sağlamlığına mənfi təsirlərini hər kəs bilir. Ona görə də yuyucu vasitələrinin də təhlükəsizliyinin və minimum keyfiyyətinin təmin olunması bizim qarşıda duran əsas vəzifələrdəndir. Bu səbəbə görə Aİ-yə müraciət etdik. Aİ-nin dəstəyi ilə yuyucu vasitələrinin təhlükəsizliyinin təmin olunmasına dair TAİEX seminarı keçirdik. Yerli mütəxəssislərimiz bu reqlamentlərin hesablanmasında beynəlxalq ekspertlərdən təlimlər aldılar. Buna dair mili texniki reqlament var. Ümid edirəm ki, növbəti ildə bu reqlament qəbul olunacaq. Biz artıq milli standartlaşdırma qurumu olaraq həmin yuyucu vasitələrə dair bir çox standartları qəbul etmişik. Bunların tətbiqinin təmin olunması, məcburiliyi texniki reqlamentlərin qəbulundan sonra reallaşa bilər. Bu istiqamətdə ciddi iş aparılır. Uşaq oyuncaqları, yuyucu vasitələr, elektrotexnika avadanlıqları bizim üçün prioritetdir. İstehlakçıların daha çox təmasda olduğu qeyri-qida istehlak mallarının təhlükəsizilyinin təmin olunması həmin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş əsas hədəflərindəndir.
- Etiraf edək ki, cəmiyyətimiz halal standartlarla bağlı elə də məlumatlı deyil. İnsanlarımız üzərində “halal” etiketi yapışdırılmış kolbasa, ət, toyuq məhsullarının halal olmasına inanaraq alırlar. Bəzi sahibkarlar isə bundan sui-istifadə edərək məhsullarına yeri gəldi, gəlmədi bu etiketi yapışdırırlar. Məhsulllara halal standartlar necə tətbiq olunmalıdır, AZSTAND bununla bağlı hansı işlər görür və insanlar belə sui-istifadə hallarına necə aldanmamalıdırlar?
- Halal standartlar dövrün ən aktual məsələlərindəndir. Bununla bağlı AZSTAND bir çox işlər görüb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) standartlaşdırma üzrə təşkilatına keçən il üzv oldu. Bu məsələ uzun illər idi həllini tapmırdı. İƏT-in standartlaşdırma üzrə təşkilatında 47 İslam ölkəsi təmsil olunur. Bu, o deməkdir ki, biz halal məhsullar üzrə standartların qəbuluna qoşuluruq, səs veririk. Çünki halal məhsulların kökündə halal məhsullara dair standartlar dayanır. Biz SMIIC təşkilatının 14 standartlaşdırma komitəsində üzvük. Bu təşkilatın qəbul etdiyi bütün standartlarda biz təmsil olunub, rəy veririk. İlk növbədə standartlar qəbul olunmalıdır ki, bu istiqamətdə də iş gedir. İkinci məsələ, halal məhsulların sertifikatlaşması məsələsidir. Biz Turkiyədə yerləşən halal akkreditasiya qurumu ilə sıx əməkdaşlıq edirik. Bu məqsədlə, 2021-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti halal akkreditasiya qurumu ilə memorandum imzalayıb və memorandum çərçivəsində əməkdaşlığımızın platforması yaradılıb. Bu sertifikatı verən orqan mütləq şəkildə akkreditasiya olunmalıdır. Bu akkreditasiyaya dair SMIIC-in öz standartları var. Ancaq akkreditasiya tələblərinə cavab verən və akkreditasiya olunan orqan halal məhsula dair uyğunluq sertifikatı verə bilər. Yalnız bundan sonra halal məhsullara dair halal nişan və halal sertifikatı verən orqanın nişanı vurula bilər. Təəssüf ki, bazarda bu sahədə sui-istifadə hallarına yol verilir. Bəzi məhsullarda “halal” sözündən istifadə edilir ki, bu, aldadıcıdır. İstehlakçıların aldadılması qanunvericiliklə qanun pozuntusu sayılır və cərimə tətbiq olunur. Ona görə də ictimai maarifləndirməni genişləndirməliyik.
Hazırda AZSTAND Halal Akkreditasiya Qurumundan akkreditasiya olunma mərhələsindədir. Eyni zamanda, biz həm ölkə daxilində, həm halal məhsul istehlak edən İslam ölkələrinə Azərbaycandan halal məhsulların ixracına şərait yaratmaq üçün Qazaxıstanın Standartlaşma İnstitutu və Türk Standartlar İnstitutu ilə müqavilələr imzalamışıq. Bu müqavilələr əsasında biz həmin qurumlarla birlikdə ixrac olunan məhsulların sertifikatlaşmasını həyata keçirə bilirik. Ölkədə akkreditasiya olunmuş qurumların sayı artırılmalıdır. Akkreditasiya olmaq o qədər də sadə proses deyil. İctimai maariflənmə genişləndirilməlidir ki, istehlakçılarımız aldanmasın.
Biz halal məhsullara, o cümlədən halal qida, halal kosmetika məhsulları və halal dərman vasitələrinə dair standartlar qəbul etmişik. İstehsalçılar, sahibkarlar həmin standartların tələblərinə uyğun məhsul bazara çıxarılmalıdırlar. Bu, onların borcudur. Buna dövlət nəzarəti mexanizmi isə uyğunluğu qiymətləndirən qurumlar vasitəsilə verilən sertifikatlarla təsbit olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu istiqamətdə müəyyən işlər aparır.
- Sahibkarlığın inkişafı üçün addımlar atır, standartlar qəbul edirsiniz. Bu istiqamətdə qarşıda atılacaq addımlar nələr olacaq?
- Ümumiyyətlə biznes fəaliyyətinin effektivliyi üçün standartların tətbiqinin xüsusi rolu var. Standartlar mala, işə, xidmətə, istehsal prosesinə, istehsal metoduna və idarəetmə sisteminə tətbiq edilir və ticarətdə texniki maneələrin aradan qaldırılmasına xidmət edir. Standartların tətbiqi eyni zamanda sahibkarlıq subyektləri üçün rəqabət üstünlüyü və istehlakçıların etibarının formalaşdırılmasına zəmin yaradır. Bu baxımdan sahibkarlar standartlaşdırmanın əsas subyektlərindəndir. İnstitut öz fəaliyyətini ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri və iqtisadi fəaliyyət istiqamətlərini nəzərə alaraq həyata keçirir. Qəbul olunan standartlar yerli istehsalın müasir tələblərə və texnologiyalara uyğun təmin edilməsini dəstəkləyir, yerli məhsulların və müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına hədəflənib.
Çox sevindirici haldır ki, son illərdə müvafiq istiqamətlərdə Avropa standartlarına və müasir texnologiyalara uyğun yerli məhsul istehsalı genişlənir. Gələcək fəaliyyətimizdə iqtisadi prioritetlər nəzərə alınmaqla, rəqəmsallaşma, süni intellekt, “yaşıl” iqtisadiyyat, “yaşıl” enerji, “ağıllı” şəhərlər, iqlim dəyişiklikləri, qlobal istiləşmə, su resurslarından səmərəli istifadə, enerji səmərəliliyi və ərzaq təhlükəsizliyi üçün qlobal səviyyəli problemlərin həllinə dəstək verən standartların qəbul edilməsinə üstünlük veriləcək. Bununla yanaşı, müəssisələrdə idarəetmə sisteminin beynəlxalq standartlara uyğun təşkil edilməsi və sertifikatlaşdırılması, layihələrin idarə edilməsi və biznes fəaliyyətinin dayanıqlığının artırılması istiqamətində milli standartlar qəbul edilib və institut bu standartların tətbiqində, müxtəlif fəaliyyət istiqamətləri üzrə təsərrüfat subyektlərinin sertifikatlaşdırılmasında və həmin standartlarla bağlı müəssisələrin personalına təlimlərin keçirilməsi xidmətlərini təmin edir.
Cari il ərzində 42 müəssisə idarəetmə sistemləri üzrə beynəlxalq standartlar əsasında sertifikatlaşdırılıb, 267 nəfərə müxtəlif idarəetmə sistemləri üzrə beynəlxalq standartlar əsasında təlim keçirilib.
- AZSTAND-ın növbəti il üçün əsas hədəflər nələrdir?
- Standartlaşdırma sahəsində əsas hədəflər “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2022–2025-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunub. Həmçinin 3 illik milli standartlaşdırma strategiyası hazırlamışıq. Bu strategiyanı hazırlayarkən ölkəmizin müvafiq dövlət proqramlarında, sosial-iqtisadi inkişaf strategiyasında müəyyən olunmuş iqtisadi prioritetləri hədəfləmişik. Həmin iqtisadi prioritetlər üzrə tələb olunan standartların qəbulunu planlaşdırırıq. Bununla yanaşı, qlobal səviyyədə mövcud olan problemli istiqamətlər üzrə standartları qəbul etməliyik və beynəlxalq səviyyədə qəbul olunan sənədlərin inteqrasiyasını təmin etməliyik. “Yaşıl” enerji, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, “ağıllı” şəhərlər, süni intellekt sahələrində yeni standartların qəbul olunmasına çalışacağıq. Standartlaşdırma sahəsində elektron platformaların inkişafını planlaşdırırıq. Bununla bağlı aidiyyəti donor qurumlarla danışıqlar başa çatıb. Ümid edirik ki, növbəti ildə keyfiyyət infrastrukturunun inkişafına dair donorların dəstəkləyəcəyi layihələr həyata keçiriləcək. Burada əsas hədəflərimizdən biri bu sahədə informasiya sistemlərinin, müasir texnologiyaların tətbiqinin həyata keçirilməsidir.
Eyni zamanda, AZSTAND-ın 5 istiqamətdə fəaliyyət göstərən sınaq laboratoriyaları var. Onların inkişafını növbəti il də hədəfləmişik və inkişaf planı hazırlanacaq. Hazırda diaqnostika işləri ilə məşğuluq. Texniki reqlamentlər qəbul olunduqdan sonra ölkədə istehlak olunan qeyri-istehlak mallarına dair təhlükəsizlik tələbləri müəyyən olunacaq. Bu o deməkdir ki, həm idxal olunan, həm yerli mallar əgər həmin mala dair texniki reqlament varsa, mütləq şəkildə həmin texniki reqlamentin tələblərinə cavab verməlidir. Bunu da mütləq şəkildə laborotoriya vasitəsilə yoxlamaq lazımdır. Bu baxımdan AZSTAND-ın öz laborotoriyalarının inkişafı, həm də bu istiqamətdə ölkədə yeni laboratoriyaların yaradılması istiqamətində işlər aparılacaq.
Biz standartların tətbiqinin genişləndirilməsi və bütün sahələri əhatə etməsinə nail olmalıyıq. Çünki standartlar bütün sahələrdə tətbiq olunur. AZSTAND-ın göstərdiyi xidmətlərindən biri də müəssisə və təşkilatlarda idarəetmə sistemlərinin sertifikatlaşmasıdır. Burada çalışan işçi heyətinin həmin standartlar barədə təlimatlandırılmasıdır. Bu da hədəflərdəndir. Ötən il 45 müəssisə idarəetmə standartı üzrə sertifikatlaşdırılıb. Həmin müəssisənin fəaliyyəti üzrə keyfiyyət yüksəldilir.
Növbəti ildə yeni TAİEX layihələrinin həyata keçirilməsini planlaşdırmışıq. Əməyin təhlükəsizliyi ilə bağlı beynəlxalq layihə həyata keçirəcəyik. Müraciət etmişik, hazırda razılaşma mərhələsindədir. Təhlükə potensialı obyektlərinin təhlükəsizlik istismarının təmin olunması üzrə hədəflər qoyulub. Bununla bağlı Nazirlər Kabinetində Koordinasiya Komissiyası yaradılıb. Bir çox dövlət qurumları bu fəaliyyətə cəlb olunublar. Qarşımızda qoyulan tapşırıqlardan biri də bu istiqamət üzrə təhlükə potensialı obyektlərinə dair reqlamentlərin siyahısının müəyyən olunması və hazırlanmasının dəstəklənməsi, eyni zamanda, bu sahədə beynəlxalq təcrübənin öyənilməsidir. Bununla bağlı Avropa ölkələrində tətbiq olunan istismar qaydaları və təcrübənin paylaşması üçün beynəlxalq seminarın keçirilməsini nəzərdə tuturuq. (Azərtac)