Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, digər dövlət və özəl təşkilatlarla birgə "UNEC İqtisadi Forumu" keçirir.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, dekabrın 1-3-də keçiriləcək forum Azərbaycan müstəqilliyinin 30 illik yubileyinə həsr olunub. Forum şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.
Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcək.
Forumda 5 panel üzrə 30-dək spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə forum müddətində tədbir iştirakçıları üçün 3 xüsusi görüş keçirilməsi də nəzərdə tutulub. Xüsusi görüşlərdən ilk 2 görüş forumun ilk günündə keçiriləcək. Panellərdə “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar”, “Post-pandemiya dövründə elm və təhsil”, “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar”, “Post-pandemiya dövründə biznes transformasiyası”, “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzularında müzakirələr olacaq.
Forum iştirakçılarının dekabrın 4-də Qarabağa səfər etməsi nəzərdə tutulub.