Azərbaycan və Türkmənistan arasında qarşılıqlı sərmayə qoyuluşu üçün münbit şərait var.
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Aşqabadda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə keçirilən Türkmənistan-Azərbaycan biznes forumunda bildirib.
M. Cabbarov Türkmənistan və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair mövcud sazişlər davamlı və səmərəli iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin formalaşdırıb: “Türkmənistanla ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir. Dost ölkə ilə investisiya əməkdaşlığı da genişlənir. Ticarət və investisiya sektorlarında dayanıqlı müsbət dinamikanın təmin olunması üçün ölkələrimizin işgüzar dairələri qarşılıqlı investisiya layihələrində fəal olmalıdırlar”.
Nazir bildirib ki, perspektivli sahələrdən olan enerji, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal transformasiya, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər istiqamətlər üzrə tərəfdaşlıq önəmlidir.
Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb - FOTOLAR
Forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye zonalarının, azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib, Türkmənistan sərmayədarları ölkəmizin biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub.
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafı üçün işgüzar dairələr arasında biznes əməkdaşlığının intensivləşməsinin vacibliyini ifadə edib. Qeyd edilib ki, müxtəlif formatlarda keçirilən görüş və tədbirlər, əldə edilən razılaşmalar işgüzar dairələr arasında tərəfdaşlığın möhkəmlənməsinə, birgə layihələrin gerçəkləşməsinə töhfə verəcək.
Biznes forumda hər iki ölkənin investisiya iqlimi və biznes imkanlarına dair təqdimatlar keçirilib. Tədbir iş adamları arasında B2B formatında görüşlərlə davam etdirilib.
Qeyd edək ki, Türkmənistan-Azərbaycan biznes forumunda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, kimya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət nümayəndəsi iştirak edib.