Türkiyə bazarına daxil olan Azərbaycan məhsullarının, Azərbaycan bazarına daxil olan Türkiyə məhsullarının sertifikatlaşma mərhələsi sadələşdiriləcək.
Eləcə də bax: Türkiyə Azərbaycanda qızıl və mis çıxarmaq istəyir - TOPLANTI
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankarada keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, Ankarada keçirilən biznes forumda ilkin danışıqların və görülən işlərin nəticəsi olaraq iqtisadi sahədə bir sıra mühüm müqavilələr imzalanıb. Bunlara Azərbaycan və Türkiyə arasında dağ-mədən sənayesində fəaliyyət, tekstil, nəqliyyat sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi və investisiyaların qoyulması aiddir.
“Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri və əlaqələri hazırda yüksələn xətlə davam edir. Dövlətimizin başçısının siyasətinin nəticəsi olan Qarabağ zəfəri, bölgədə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr, nəqliyyat qovşaqları, müxtəlif formatlarda - üçtərəfli formatda, 3+3 formatına əsasən həyata keçirilən birgə əməkdaşlıq layihələri iqtisadi subyektlər, şirkətlər, iş adamları üçün geniş imkanlar açır. Bu gün hər iki ölkənin bəzi dövlət qurumları, təşkilatlar arasında sazişlərin də imzalanması planlaşdırılır. Bu sazişlərin nəticəsində bizim Türkiyə bazarına daxil olan məhsullarımızın və Türkiyənin Azərbaycan bazarına daxil olan məhsullarının sertifikatlaşma mərhələsinin sadələşdirilməsi, avtomatlaşdırılması nəzərdə tutulur”, - deyə M.Cabbarov qeyd edib.(Azərtac)