Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindəyik.
ATİB Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlığını davam etdirir- GÖRÜŞ- FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu ATİB-in bu gün təşkil etdiyi işgüzar görüşündə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
Onun sözlərinə görə, hazırda ticarət dövriyyəsinin həcmi 8 milyard dollar təşkil edir. Bu dövriyyənin artırılması üçün 2026-cı ildə izlənilməli olan prioritet hədəflərlə bağlı 10 maddəlik, ümumilikdə 210 maddədən ibarət bir fəaliyyət planı hazırlanıb. Buna görə də biz iş adamlarımızın 2026-cı ildə daha aktiv işləməsini, daha çox əməkdaşlıq etməsini və imkanları daha yaxşı dəyərləndirməsini istəyirik.
Səfir bildirib ki, dünən başqa bir qrup tərəfindən burada xüsusilə rəqəmsallaşma və texnologiya dəyişiklikləri ilə bağlı həm hökumətlərarası, həm də şirkətlərin rəqəmsallaşması və süni intellektlə bağlı modernləşmə istiqamətində dəyərli təkliflər verildi.
"Bunu deməkdə məqsədim odur ki, artıq Türkiyə və Azərbaycan münasibətləri təkcə enerji, neft, təbii qaz, infrastruktur yatırımları (tikinti sektoru) və nəqliyyat sahələri ilə məhdudlaşmamalıdır. Bunun xaricində yeni niş sahələrdə, yeni texnoloji istiqamətlərdə və rəqəmsallaşma kimi əməkdaşlıq imkanı yaradan sahələrdə daha çox əməkdaşlıq ön plana çıxacaq.
Dünya artıq bu istiqamətə doğru gedir.
Süni intellekt dövrünə daxil oluruq. Rəqəmsal bir dünya formalaşır. Bu artıq qaçılmazdır.
Bu səbəbdən düşünürəm ki, iş adamlarımız da bu sahələrə daha çox fokuslanmalı və onları prioritet hədəflər sırasına daxil etməlidirlər.
Bir məsələ də var: Türkiyə və Azərbaycan iş adamları uzun illərdir ki, bu dəyərlər vasitəsilə bir-birini tanıyır. Orta Asiyada birlikdə fəaliyyət göstəriblər. Türk və Azərbaycan iş adamları həm dost və qardaş ölkələrdə, həm də digər ölkələrdə ortaq təşəbbüslər, ortaq sərmayələr, təcrübə və texnologiyalarını birləşdirərək üçüncü ölkələrdə ortaq investisiyalar və ortaq istehsal həyata keçirməlidirlər. Bunun üçün platformalar yaradılmalı və imkanlar artırılmalıdır.
Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv olan qardaş türk respublikaları ilə münasibətləri prioritet şəkildə dəyərləndirməliyik.
Qafqaz və Transqafqaziyadan Orta Asiyaya, Çinə qədər uzanan bu dəhliz bundan sonra daha da sürətlənəcək…











