Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2023-cü ildə ixrac olunan mallara 72 min 554 mənşə sertifikatı verilib. Bu da 2022-ci illə müqayisədə 18,7 faiz çoxdur.
FED.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Hesabat dövründə Azərbaycan Akkreditasiya Mərkəzi uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib. Azərbaycan Metrologiya İnstitutu ölkəyə idxal olunan mindən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatlar dövlət reyestrinə daxil edilib. Sahibkarlıq subyektlərinə Dövlət Xidməti tərəfindən 72 min 554 mənşə sertifikatı verilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur", - deyə Məmməd Abbasbəyli qeyd edib.
Bundan başqa standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində rəqəmsallaşmanın təşkili məqsədilə Keyfiyyət Portalı yaradılıb. Portalın bu ilin birinci rübündə ümumi İstifadəyə verilməsi nəzərdə tutulur.