2023-cü ildə Azərbaycanda haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib.
FED.az xəbər verir ki, bu barədə məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib.
Bundan başqa, tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə 3 bazar subyektinə 148,2 min manat maliyyə sanksiyası tətbiq edilib. İşlərə baxılması davam edir.
İl ərzində 27 bazar subyekti tərəfindən haqsız rəqabət hallarının əlamətləri könüllü aradan qaldırılıb.
Məmməd Abbasbəyli bildirib ki, 2023-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 4 əsas təkmilləşdirmə layihələri keçirilib. Bu layihələr inhisar subyektlərinin azad rəqabət bazarına keçidini təmin edəcək. Bu layihələr ölkəmizdə olan rəqabət indeksinin müəyyənləşdirilməsində xüsüsi rol oynayır.
Layihələr aşağıdakılardır:
1) Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı"nın ilkin layihəsi hazırlanıb, razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Dövlət orqanları tərəfindən təqdim edilmiş rəy və təkliflər nəzərə alınmaqla layihə yenidən işlənilib, Nazirlər Kabinetinə təqdim edilib.
2) "Ticarət fəaliyyəti haqqında" Qanun - ilkin layihəsinə dair aidiyyəti qurumlar tərəfindən rəylər təqdim edilib. Rəylər əsasında Qanun layihəsi təkmilləşdirilib. Nazirlər Kabinetinə təqdim ediləcəkdir.
3) Elektron Rəqabət Portalı "Antiinhisar, haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Layihə Nazirlər Kabineti tərəfindən razılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarına göndərilib.
4) Rəqabət Terminlərinin İzahlı Lüğəti - açılan işlərdə, məhkəmə proseslərində, korporativ yazışmalarda və ictimaiyyətin məlumatlandırılmasında interdisiplinar xarakterə malik rəqabət terminlərinin düzgün istifadəsi və tənzimləmə prosesinin tərəfləri üçün başa düşülən formada izahı məqsədilə lüğət hazırlanıb.