Cari ilin doqquz ayında neft-qaz sektorunda yaradılmış əlavə dəyərin 1,5 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 faiz təşkil etməsi ÜDM-in də müsbət artımı tempinə töhfə verib.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, nəqliyyat və anbar təsərrüfatı istisna olmaqla qeyri-neft-qaz sektorunun bütün sahələrində artım qeydə alınıb. Qeyri-neft-qaz sənayesi 6,3 faiz, tikinti sektoru 12,5 faiz, informasiya və rabitə sektoru 14,7 faiz, turizm sektoru 26 faiz, kənd təsərrüfatı 3 faiz, ticarət sektoru isə 3,3 faiz artıb.
“Qeyd etdiyim nəqliyyat və artım təsərrüfatında enişin də demək olar ki, yeganə səbəbi kimi postpandemiyadan sonra dünya nəqliyyat zəncirlərinin qaydaya gəlməsi və bunun da bizim ölkənin, xüsusilə hava daşımaçılıq sahəsində yüksək dəyərə malik olan bir seqmentdə təbii bir sabitləşməni, endirimi şərtləndirib”, - deyə nazir əlavə edib. (Azərtac)