Ölkənin aparıcı maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank”ın geniş tərkibdə nümayəndə heyətinin Naxçıvana səfəri başlayıb. Səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.
Prezidentin nümayəndəsi: "Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir"
FED.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Ümummilli Liderimizin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra iştirakçılar Naxçıvan Biznes Mərkəzində nümayiş etdirilən Naxçıvan məhsulları və sənətkarlıq nümunələri ilə tanış olublar.
“Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri” konfransına Naxçıvan rəsmiləri və sahibkarları, eləcə də “PAŞA Bank”ın müştəriləri də daxil olmaqla, 120-dən çox iştirakçı, o cümlədən investorlar qatılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan danışıb. Bildirib ki, bu il Azərbaycan üçün əlamətdar ildir. Ölkə Prezidentinin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar ildə Naxçıvanda digər sahələrlə yanaşı, iqtisadiyyat və sahibkarlıq sahələrində də canlanma müşahidə olunur. Şəffaf mühitin formalaşdırılması, kölgə iqtisadiyyatı, monopoliya və inhisarçılığın aradan qaldırılması məqsədilə aparılan islahatlar nəticəsində iqtisadi artım təmin edilib.
Fuad Nəcəfli vurğulayıb ki, Naxçıvanda azad biznes mühiti formalaşır. Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da genişləndirir. Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır. Hazırda “Orqanik Naxçıvan” brendinin formalaşdırılması, təbii məhsulların istehsalı, emalı, bazara yol tapması və ixracının təmin olunması, iri sənaye müəssisələrinin yaradılması, nəticədə yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluq imkanlarının daha da artırılması əsas hədəflər sırasındadır. Naxçıvan olduqca yüksək dağ-mədən sənayesi, duz və digər faydalı qazıntı yataqlarına, həmçinin günəş enerjisi potensialına malikdir. Muxtar respublikada istehsal olunacaq enerji daxili tələbatı ödəməklə yanaşı, böyük ixrac imkanlarına da malikdir. Bütün bunlar sahibkarlar və investorlar üçün yeni üfüqlər açır. Bu istiqamətdə görülən işlər çərçivəsində Naxçıvanda mühüm enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq. Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq. “PAŞA Bank”ın dəstəyi ilə keçirilən bugünkü konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
“PAŞA Bank”ın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev tədbirin təşkil edilməsində əsas məqsədin sektorlararası dialoqun yaradılmasına kömək etmək, əlçatan və effektiv maliyyələşmə mexanizmlərini nəzərdən keçirmək olduğunu bildirib.
Bəhruz Nağıyev muxtar respublikanın hər bir sahə üzrə mövcud potensialı barədə danışıb. Vurğulayıb ki, Naxçıvanda dağ-mədən sənayesi, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrin inkişafı üçün böyük potensial, eyni zamanda müasir infrastruktur var. Naxçıvan ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri, zəngin təbii resurslar, dağ-mədən sənayesi, bölgənin ticarət və turizm potensialı, eləcə də əlverişli infrastrukturun mövcudluğu buraya nəinki yerli, xarici investorları da cəlb etmək iqtidarındadır. Məqsəd bu sahələrdə dəyərləndirmələr aparmaqla ehtiyac meyarlarını təyin etmək, maliyyə dəstəyi göstərməklə iqtisadi inkişafa təkan verməkdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bu ilin ötən dövrünün Naxçıvanda iqtisadi artım tempini rəqəmlərlə ifadə edərək diqqətə çatdırıb ki, sənayedə zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması məqsədilə cari ilin 4 ayı ərzində 62 sənaye və kənd təsərrüfatı təyinatlı dövlət və özəl müəssisələr fəaliyyətə başlayıb, 33 yeni layihənin yaradılması üzrə işlər aparılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank, kredit təşkilatları və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına, ümumilikdə, 114 milyon 960 min 100 manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz və ya 19 milyon 53 min manat çoxdur.
Qeyd olunub ki, son dövrlərdə ödənilən verginin həcmində və vergi daxilolmalarında özəl sektorun payının artması xüsusi əhəmiyyət kəsb edir. Bu, vergi məbləğlərinin, vergi dərəcələrinin artırılması hesabına deyil, məhz vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, sayının artması hesabına formalaşıb. 2023-cü ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 15 milyon 17 min manat və ya 41,7 faiz artım olub. Bu artım yeni qeydiyyatdan keçmiş vergiödəyicilərinin, obyektlərin, əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izlənilməkdədir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun Ümumi Daxili Məhsuldakı payı 88 faizi ötüb.
İqtisadiyyat naziri Naxçıvanda sərbəst və şəffaf biznes mühitinin yaradılması, investisiya qoyuluşlarının, həmçinin vergi, satınalma proseslərinin şəffaflaşdırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinin sahibkarların Naxçıvana marağını artırdığını bildirib, Naxçıvanın qapılarının yerli və xarici investorların üzünə açıq olduğunu vurğulayıb.
Konfransda Kiçik və Orta Bizneslərin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanəti Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri çıxışları zamanı sahibkarları maraqlandıran məqamlara toxunublar.
Konfrans çərçivəsində keçirilən müzakirə panelində maliyyə əlçatanlığının təmin olunması istiqamətində diskussiya aparılıb və aidiyyəti qurumlar tərəfindən sahibkarları və investorları maraqlandıran məqamlara aydınlıq gətirilib.