Quş və yumurta istehsalçıları pərakəndə ticarət şəbəkələri ilə bağlı problemlərlə üzləşib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Assosiasiya üzvləri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, pərakəndə şəbəkələr istehsalçılardan aldıqları məhsulların pulunu aylarla yubadırlar.
“Quş əti və yumurta istehsalçıları o qədər böyük sahibkar deyillər ki, bir neçə milyon manat vəsaitləri aylarla bir mənbədə qalsın və bu da onların fəaliyyətinə mənfi təsir göstərməsin. Satışdan pulunu vaxtında ala bilməyən istehsalçı vaxtında və zəruri hədd yem ehtiyatı yarada bilmir, yaxud aldığı yemin pulunu vaxtında ödəyə bilmir. Bu isə müəssisənin inkişafının qarşısını alır, bəzənsə onun kiçilməsinə gətirib çıxarır”, - deyə Mürvət Həsənli qeyd edib. (Apa)