Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institutun fəaliyyət göstərəcəyini bildirib.
FED.az xəbər verir ki, “İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur”, - deyə dövlət başçısı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimində bildirib.
Onun sözlərinə görə, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. “Keçən il ticarət dövriyyəmiz 9,6 milyard dollar təşkil edib, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan gələcəkdə təhsil sahəsində də İtaliyanın strateji tərəfdaşı olacaq. “Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur”, - deyə dövlət başçısı bildirib.*