Dünya bazarlarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha da tez bərpa olunmasına şərait yaradıb.
Eləcə də bax: "İnflyasiya kəskinləşib”
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, bu bərpa 2022-ci ilin birinci rübünə təsadüf edəcək: "Amma 2021-ci ildə biz artıq pandemiya zamanı iqtisadiyyatımızı bərpa etməyə nail olmuşuq. 2020-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətlə getmiş bərpa proseslərinə müvafiq olaraq neft sektoru 1,8 % artım, qeyri-neft sektoru üzrə 7,2 % artım qeydə alınıb”.
Nazir bildirib ki, 2021-ci ildə ÜDM-in nominal həcmi 70,8 milyard manat planlaşdırılmışdısa, faktiki 92,9 milyard manat təşkil edib: “Bununla yanaşı da ÜDM-in real artımı 3,4 % səviyyədə nəzərdə tutulsa da, faktiki artım 5,6 % təşkil edib. Qeyd edək ki, neftin qiyməti də büdcədə nəzərdə tutulandan faktiki olaraq 70 % çox olub ki, bu da həm dövlət büdcəsinin göstəricilərinin xeyli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına, eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin artmasına münbit şərait yaradır”. (Report)