Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Eləcə də bax: Hökumət 2022-ci ilin büdcəsini açıqladı – İLKİN GÖSTƏRİCİLƏR - RƏQƏMLƏR
FED.az xəbər verir ki, sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.
Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.
Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunmuşdur.
Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilmişdir. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmamışdır. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcəkdir. (Marja)