Dünya Bankı 2018 və 2020-ci illər üzrə hesabatların tərtibində saxtakarlıq faktlarının üzə çıxdığı "Doing Business" reytinqinin nəşrini dayandırıb. Dünya Bankının daxili auditində qeyd olunur ki, söhbət Çin, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Səudiyyə Ərəbistanından gedir. Qiymətləndirmə işləri zamanı məlum olub ki, Azərbaycanla bağlı məlumatlar süni şəkildə azaldılıb, ölkədə həyata keçirilən bəzi islahatlar isə hesabatda əksini tapmayıb.
“Doing Business”də Azərbaycanın göstəriciləri süni şəkildə azaldılıb
FED.az xəbər verir ki, bu barədə "Doing Business"in son beş illik hesabatlarının qiymətləndirilməsi zamanı məlum olub.
Məlumatların saxtalaşdırılması ilə əlaqədar Dünya Bankı kənardan auditor şirkəti (WilmerHale) cəlb edib və son beş ilin qiymətləndirilməsi aparılıb. Nəticədə 2017 və 2019-cu illərdə nəşr olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı pozuntular aşkar edilib. Məlumatlardakı dəyişikliklər "Doing Business"in metodologiyasına uyğun olmayıb. Qeyd olunur ki, reytinqdə dəyişikliklər Dünya Bankının sabiq rəhbəri Cim Yon Kim, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva və reytinqin təsisçilərindən biri, Azərbaycana qarşı qərəzli münasibətdə xüsusilı mənfi rol oynamış Simeon Dyankovun təzyiqi altında edilib.
Eyni zamanda məlum olub ki, 2018-ci il üzrə "Doing Business" reytinqinin hazırlanması zamanı Dünya Bankının o zamankı baş direktoru Kristalina Georgiyeva Çinlə bağlı istifadə olunan məlumatlarda konkret dəyişikliklərin edilməsi üçün tərtibatçılara təzyiq göstərib.
Qiymətləndirmə işləri göstərib ki, əgər 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı.(trend)