Son illərdəki xarici çağırışları nəzərə aldıqda, Azərbaycanda ən çox subsidiyalaşdırılan kənd təsərrüfatı məhsulu buğda olub.
Baş nazir: "Ərzaq təhlükəsizliyinin təmin edilməsi xərcləri 40% artırılıb"
FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən "Avrasiya konqresi - 2023" adlı tədbirdə deyib.
"2022-ci ilin iyununda Nazirlər Kabineti qida buğdası ilə özünütəminat səviyyəsinin artırılması və yerli istehsalçılar üçün dövlət dəstəyinin yaradılması barədə sərəncam qəbul edib. Daxili bazarda satılan un və un məhsullarının hər bir tonuna subsidiyaların ölçüsünü artırmışıq. Həmçinin buğda idxalı artırılıb, buğda unu və çörəyinin istehsalı və satışı isə ƏDV vergisindən azad edilib", - o deyib.
Baş nazirin sözlərinə görə, bundan başqa, iri taxıl idxalçılarına çox aşağı faizlərlə kreditlər verilir.
"Azərbaycan kifayət qədər ciddi həcmlərdə buğda idxal edir. Əsas tədarükçülər Rusiya və Qazaxıstandır. Paralel olaraq Dövlət Taxıl Fondunun ölçülərinin böyüdülməsi və ərzaq təminatının formalaşması üzrə tədbirlər görülməkdədir", - Ə.Əsədov deyib.