"Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir".
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: “Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.
Sənaye istehsalının 0,3 faiz azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. “Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.