2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr icrası üçün nəzərdə tutulmuş 69 fəaliyyət istiqamət Azərbaycanda iqtisadi artıma, sektorların rəqabət qabiliyyətinin artmasına, vətəndaşların xidmətlərə çıxışının asanlaşmasına, eləcə də göstərilən dövlət xidmətlərinin yaxşılaşmasına səbəb olacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində "Milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi"nə həsr olunmuş "Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar" tədbirində çıxışında deyib.
"Bu, qarşımızda duran ən mühüm vəzifələrdən biridir. İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Bu Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaqdır", - deyə o əlavə edib.
Qeyd edək ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilir. (Trend)