İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu – Quba rayonunun Timiryazev qəsəbəsində keçirib.
İşgüzar forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, 2017-ci ilin ötən dövrü ərzində 653 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit yönəldilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Ümumilikdə isə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2380 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,2 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq və bağçılıq təsərrüfatlarının, istixana kompleksinin genişləndirilməsinə, tikinti materiallarının istehsalına və s. sahələrə yönəldiləcək və 70-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qubanın Timiryazev qəsəbəsində gündəlik istehsal gücü 10 ton olan çörək zavoduna və Dəlləkli kəndində intensiv bağçılıq təsərrüfatına baxış keçirilib. Hər iki investisiya layihəsinin reallaşdırılmasında güzəştli kreditlərdən istifadə edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər 31 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verilib. Artıq 29 müəssisə istifadəyə verilib.
Bundan əlavə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 logistik mərkəzin yaradılmasına 163 milyon manat və 38 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 56,6 milyon manat güzəştli kredit verilib. Logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında əhəmiyyətli rol oynayır və regionlarda yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdırır.
Qubada sahibkarlara güzəştli kreditlər verilib
13:55
22 İyun 2017