BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ötən ilin tendensiyasını davam etdirərək yanvar ayında da düşməkdə davam edib.
Dünya Bankı: Ötən ay Azərbaycanda ərzaq inflyasiyası 0,9% olub
FED.az xəbər verir ki, ərzaq qiymətlərinin baza səviyyəsi buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəbindən cüzi də olsa azalıb.
Dünya bazarında bəzi ərzaq mallarının qiymətində aylıq dəyişiklikləri ölçən FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvarda orta hesabla 118 bənd təşkil edib ki, bu da dekabrla müqayisədə 1%, bir il əvvəl ilə (Yanvar 2022) müqayisədə isə 10,4% aşağı düşüb.
FAO-nun Taxıl Qiymətləri İndeksi, tədarük edən ölkələr arasında güclü rəqabət səbəbindən qlobal buğda ixrac qiymətlərinin düşməsi səbəbindən əvvəlki ayla müqayisədə 2,2% azalıb. Argentinada əkin şəraitinin yaxşılaşdırılması və məhsul yığımına başlanması ilə əlaqədar olaraq qarğıdalı qiymətləri kəskin şəkildə aşağı düşüb.
Ətin qiyməti indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 1,4% azalaraq yeddinci aydır ki, enişini davam etdirib.
Eyni zamanda, FAO şəkər qiyməti indeksində artım qeydə alıb - yanvarda müvafiq indeks əvvəlki ayla müqayisədə 0,8% artıb. (Marja)