Dünya üzrə borcun məbləği illik müqayisədə 600 mlrd. dollar artaraq bu il aprelin 1-nə 217 trln. dollar təşkil edib.
FED.az Report-a istinadən xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) məlumatına əsasən, yeni rekord dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 327%-nə bərabərdir. Borca dövlət, bank, şirkət və ev təsərrüfatı borcları daxildir.
"Qlobal borc yükü qeyri-bərabər paylanıb, bəzi ölkələrdə və sahələrdə azalıb, digərlərində isə əksinə artıb. Borcun bu son artımı uzunmüddətli artım üçün maneə, həmçinin maliyyə sabitliyi üçün risklər yarada bilər", - deyə İİF xəbərdalıq edib.
İl ərzində borcun ən yüksək artımı ABŞ və Çində qeydə alınıb. Hər iki ölkədə borc 2 trln. dollar artıb. Çində borc 32,7 trln. dollara, ABŞ-da isə 63 trln. dollara çatıb. Buna baxmayaraq ABŞ iqtisadiyyatının artımı borc artımını üstələyib ki, nəticədə borcun ÜDM-ə nisbəti 2,5 faiz bəndi azalıb. Çində də borcun artım tempi ÜDM-in artımından geri qalıb.
Borcun ÜDM-ə nisbəti Çin, Çili, Kolumbiya və Türkiyədə artıb, Tailand, Braziliya, Rusiya və Macarıstanda azalıb.