Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24% təşkil etdiyi halda, ölkəmizə onların idxal olduğu halda bu əlavələr 46%-dək artır.
Eləcə də bax: Azərbaycanın qızıl-gümüş şirkətinin - NƏ QƏDƏR VERGİ ÖDƏDİYİ AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nın İdarə Heyətinin sədri Zakir İbrahimov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüşdə bildirib.
Onun sözlərinə görə, sadaladığı ölkələrdə qızıla aksiz vergisi tətbiq edilmir. Yerli bazarda satışa çıxarılan məhsulların bu həddə vergi və rüsumlar ilə yüklənməsi bazar iştirakçıları tərəfindən xammalı alternativ yollarla əldə edərək istehsal etməyə və eyni qaydada da satışa çıxarmağa sövq edir:
"Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərlə yanaşı, bir sıra sosial problemlərə gətirib çıxara bilər. Bildiyiniz kimi, ötən ilədək bu nəzarət funksiyasının bir hissəsini Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası icra edirdi, hazırda isə bu istiqamətdə vahid nəzarət mexanizmi yoxdur və bu fonda tədarükçülərin və alıcıların hüquqlarının pozulması riskləri artmaqdadır".
Report