Cari ilin ilk 7 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon dollar və ya 30,5 faiz artıb.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayına istinadla xəbər verir ki, 2021-ci ilin yeddi ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon dollarla əsas paya malik olub.
Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 faiz təşkil etməklə 192 milyon dollar olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1 faiz artaraq 149 milyon dollar təşkil edib.