2017-ci ilin yanvar ayında sənaye sahəsində 3,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,0 faiz artmış, neft sektorunda isə 1,0 faiz azalıb.
Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 4,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artıb.
Emal sektorunda içkilərin istehsalı 32,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2 faiz, kağız və karton istehsalı 17,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,4 dəfə, tikinti materiallarının istehsalı 2,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 35,2 faiz, hazır metal məmulatlarının istehsalı 27,3 faiz, kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 23,6 faiz, mebel istehsalı 81,5 faiz artmış, qida məhsullarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 43,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7 faiz, poliqrafiya məhsullarının istehsalı 67,4 faiz, neft məhsullarının istehsalı 10,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 55,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,0 faiz azalıb.