Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ildə ölkə iqtisadiyyatındakı vəziyyətin ilkin dəyərləndirməsini aparıb.
FED.az xəbər verir ki, AMB-nin 2020-ci il üzrə pul siyasəti haqqında bəyyanatında bildirilir ki, 2019-cu ildə ölkədə iqtisavdi aktivliklə bağlı pozitiv dinamika qoruunub. «11 ayda ÜDM real olaraq 2.1% artmışdır. Qeyri-neft sektorunda artım 3.5% olmaqla əsasən ticari sektordan qaynaqlanmışdır. Qeyri-neft sənayesində 14.8%, kənd təsərrüfatında 7.1% artım olmuşdur»-deyə bildirilir.
Mərkəzi Bankın apardığı real sektorun monitorinqi də iqtisadi aktivliyin artdığını təsdiqləyir. «2019-cu ilin noyabrında qeyri-neft sənayesi, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi həm ilin əvvəlinə, həm də ötən ilin müvafiq dövrünə nəzərən yaxşılaşmışdır. İstehsal güclərinin yüklənmə səviyyəsi potensialdan aşağı olsa da son bir neçə rübdə artan dinamikadadır ki, bu da əsasən iri müəssisələr hesabınadır».
İqtisadi artıma xarici tələb və daxili tələbin istehlak tərəfi dəstəak verib: «İstehlakın səviyyəsi əhalinin pul gəlirləri və kredit qoyuluşlarının dinamikasının təsiri altında formalaşmışdır. Cari ildə bir neçə mərhələdə həyata keçirilən sosial islahat paketlərinin də təsiri ilə 11 ayda əhalinin nominal gəlirləri 7.4% artmışdır ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir. Bu şəraitdə istehlakçı inamı göstəricilərinin yaxşılaşması qeydə alınmışdır. Daxili tələbin digər komponenti olan investisiyaların həcmi cari ilin 11 ayında 12.8 mlrd. manat olmuş, qeyri-neft sektoruna investisiyalar 3.5% artmışdır».
Büdcə xərcləri cari ildə də daxili tələbin mühüm amillərdən biri olmuşdur. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrünə nəzərən 2.6%, o cümlədən, cari xərclər 12.5% artmışdır.