Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazlarına yatırdığı investisiyanın geri qaytarılması məsələsi payızda həllini tapa bilər. Bunu Qazaxıstanın maliyyə naziri Bakıt Sultanov hökumətin iclasında bildirib.
"Cari ilin iyul ayının ortalarında keçiriləcək iclasda kreditorlar ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını müzakirə edəcəklər. Kreditorların 2/3-si planı dəstəkləyərsə, məsələ payızda həllini tapacaq", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, ABB tərəfindən təklif olunan variantların öyrənilməsi üçün Milli Bank və hökumət nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. "Mayın 23-də Londonda keçirilən görüş zamanı kreditorlara üç restrukturizasiya variantı təklif olunub. Variantlarla detallı şəkildə tanış olduqdan sonra İşçi qrupu "Vahid Pensiya Yığımı Fondu" üçün daha az itkiyə səbəb olacaq variantı seçəcək".
Qazaxıstan Milli Bankının məlumatına əsasən, "Vahid Pensiya Yığımı Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin 10 illik istiqrazlarına 250 mln. dollar yatırıb. Qiymətli kağızlar üzrə gəlirlilik 8,25% olub.
Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Maliyyə Nazirliyi bankın səhmlərinin 76,7%-nə, "Aqrarkredit" isə 14,6%-nə sahibdir.