Azərbaycan hökuməti Füzuli rayonunda (Qarabağ iqtisadi rayonu) şərabçılıq müəssisəsinin tikintisi layihəsini həyata keçirməyi planlaşdırır.
Eləcə də bax: Azərbaycan "Qarabağ" brendli balı ilin sonunda dünya ölkələrinə - İXRAC EDƏ BİLƏR
FED.az xəbər verir ki, 1,6 milyon ədəd şərti butulka istehsalı üçün şərab zavodlarının yaradılmasını nəzərdə tutan investisiya layihəsi hazırlanıb. Layihənin həyata keçirilməsi üçün investorların cəlb edilməsi planlaşdırılır. Üzüm bağlarının salınması üçün subsidiyaların, güzəştli kreditin, investisiya təşviqi sənədinin verilməsi dövlət dəstəyi hesabına təmin olunacaq”, - deyə hökumətdən bildirilib.
Mənbənin sözlərinə görə, müəssisənin xammalla təmin edilməsi üçün Füzuli rayonunun Yuxarı Veysəlli kəndində ümumi sahəsi 131 ha olan hazır üzüm bağlarından istifadə olunacaq. Həmçinin ümumi sahəsi 356,3 ha olan perspektivli sahələrdə yeni üzüm bağlarının salınması planlaşdırılır.
Hazırda Xocavənd, Füzuli və Qubadlı rayonlarında ümumi sahəsi 225,5 ha olan üzüm bağları və 225 ha perspektivli sahələr var.
Füzuli rayonunun Yuxarı Veysəlli kəndində 88,5 ha, Xocavənd rayonunun Tuğ kəndində 58,2 ha, Qubadlı rayonunun Bala Soltanlı və Xəndək kəndlərində 78,3 ha perspektivli sahələr mövcuddur.
Hazırda dövlət tərəfindən Yuxarı Veysəlli kəndində üzümlüklərin orqanik sertifikat (Ecocert Organic Standard, EOS) alması istiqamətində danışıqlar aparılır.
“Layihənin dəyəri 19,6 milyon-21,3 milyon manat (cari məzənnə ilə $11,5 - $12,5 milyon) arasında dəyişir. Bu qiymətləndirməyə şərab istehsalı müəssisəsinin yaradılması üçün nəzərdə tutulan xərclər (16 milyon manat), həmçinin 356,3 ha sahədə yeni üzüm bağlarının salınması xərcləri (3,6 milyon - 5,3 milyon manat) daxildir”, - deyə hökumətdən bildiriblər.
Hökumətin qiymətləndirmələrinə görə, layihə bir sıra üstünlüklərə malikdir: hazır üzümlüklərin mövcudluğu; yüksək aqrar turizm imkanları: torpaqların əkinə yararlı olması, o cümlədən bağ sahələrini genişləndirməyə imkan verən perspektivli boş sahələrin olması.
“Bununla yanaşı, layihənin həyata keçirilməsi “Ağdam şərabı” brendini bərpa etməyə və Rusiya bazarına məhsul tədarükünü təşkil etməyə imkan verəcək, çünki müvafiq ixrac imkanları var”, - deyə hökumətdən qeyd ediblər.
İstehsal olunan məhsulun 1 butulkasının maya dəyəri 4 manat məbləğində qiymətləndirilir. 1000 ədəd şərti butulkanın istehsalına 25 kVt/saat elektrik enerjisi, 5 kubmetr su və 113 kubmetr təbii qaz tələb olunacaq.
Hökumətin məlumatına görə, 2020-ci ildə Azərbaycana $2,9 milyon məbləğində təbii üzüm şərabı idxal edilib, ixrac isə $4 milyon təşkil edib. (İnterfaks-Azərbaycan)