Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, «İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası» təsdiqlənib.
Bu qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə 500 milyon manat kredit verilməsi nəzərdə tutulur və bu kreditlərə 90% həcmində, yəni 450 milyon manatlıq dövlət zəmanəti veriləcək.
Fərmana əsasən dövlət zəmanəti Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, ölkədə yeni tətbiq ediləcək «İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi» əsasında veriləcək.
Fərmana əsasən Nazirlər Kabineti «Elektron kredit və zəmanət» informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
Maliyyə Nazirliyi isə «Dövlət borcu haqqında» qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirsin;
Eləcə də Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan faiz subsidiyasının verilməsi üçün tələb olunan vəsaitin 2023-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin, habelə həmin vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərdə tutulması məqsədilə tədbirlər görməlidir.
«Elektron kredit və zəmanət» informasiya sistemini İqtisadiyyat Nazirliyi yaradacaq və bu sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunacaq.