İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Azərbaycanın QDTİB ilə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyət və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın özəl bankları ilə əməkdaşlığı biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.
Tərəflər QDTİB-in Azərbaycanda planlaşdırılan potensial layihələrdə iştirak perspektivlərini müzakirə ediblər. Azərbaycanın iqtisadi inkişaf prioritetləri, strateji infrastruktur layihələri və özəl sektorun maliyyələşmə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.