“Azərbaycan iqtisadiyyatı qlobal şoklar, pandemiya və aşağı neft qiymətləri dövrünün başlaması ilə yeni tarazlıq vəziyyətinə keçəcək”.
Eləcə də bax: “Hökumətin verdiyi dəstəyi vətəndaşlar vergi kimi qaytarmalı olmayacaq”
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, ötən il cari əməliyyatlar balansında 4,4 milyard dollar, kapitalın və maliyyənin hərəkəti balansında isə 0,1 milyard dollar profisit yaranması, həmçinin ehtiyat aktivlərinin 5,1 milyard dollar artması neftin hər barel üçün orta hesabla 64 dollar qiyməti şəraitində baş tutub:
“Bu il isə 60 faiz ucuzlaşan neftin qiyməti, kəskin azalan tələbin, bazarlar uğrunda mübarizənin və “ağzına qədər dolan” anbarların diktəsi ilə hələ uzun müddət aşağı intervalda olacaq. Üstəlik Azərbaycanda neft hasilatının ilbəil azalması və maya dəyərinin artması da nəzərə alınmalıdır. Belə şəraitdə iqtisadiyyatın “güzgüsü” sayılan tədiyyə balansının tarazlaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün əsas mənbə sərmayə qoyuluşunun artırılmasıdır. Cənab Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə hazırlanan ortamüddətli iqtisadi proqram və strategiyada əsas məqsədlərdən biri də budur.
İqtisadi tsiklə uyğun olaraq, Azərbaycan iqtisadiyyatı 2015-2016-cı illərdə resessiya və 2017-2018-ci illərdə bərpa dövrünü keçərək, 2019-2020-ci ilin martına qədərki müddətdə inkişaf fazasına qədəm qoymuşdu. Lakin pandemiya və qlobal şoklar Azərbaycanda 2015-2020-ci illərdə olan iqtisadi tsikli qapadır, bundan sonra yeni tsikl yaranır. Bu, həm də qlobal iqtisadi inkişaf tsikli ilə sinxronlaşdırılma olacaq”.
V. Qasımlı əlavə edib ki, investisiya qoyuluşunun artması üçün real faiz dərəcələrinin aşağı düşməsi və ucuz maliyyəyə asan çıxış imkanlarının olması vacibdir:
“Hiks-Hansen yanaşmasına görə, investisiyanın artımı ÜDM-in artımına və yenidən yığımın çoxalmasına gətirə bilər və bu yolla əmtəə və xidmətlər bazarında tarazlığı qorumaq mümkündür. Hazırda strateji ehtiyatlarımız imkan verir ki, dövlət xərcləmələrini artırmaq, vergi yükünü azaltmaq və özəl investisiyanı stimullaşdırmaqla məcmu təklifi dəstəkləyək. Lakin bu halda manata daha çox tələb yaranacaq və əgər pul kütləsinin həcmini dəyişməsək, onda bank faizləri bahalaşa bilər. Hazırkı dönəmdə prioritet investisiya fəallığının artırılması olduğundan, pul bazarında tarazlığı saxlamaq üçün pul kütləsi artmalıdır ki, faizlər qalxmasın. Onsuz dason depozit hərraclarında manat Mərkəzi Bankın tələb etdiyindən az cəlb olunub, üstəlik də manatla əqdlərin faizi yüksəlir. Çünki bu ilin təkcə mart ayında Dövlət Neft Fondu tərəfindən bazardan 3,3 milyard manata yaxın milli valyuta alınıb və bu, orta aylıq normadan 4 dəfəyə qədər çox olub. Beləliklə, dövriyyədə manat azlığı hiss olunur. İnvestisiya fəallığı və manat qıtlığı bir araya sığmadığından əmtəə və pul bazarları arasında yeni tarazlıq nöqtəsi tapılacaq. Çünki dövlət həm fiskal, həm də pul-kredit siyasəti ilə iqtisadiyyatı stimullaşdırır. Bu da buraxılış kəsiri yaranan zaman adekvat addımdı.
Miqdar qanununa görə, pul kütləsinin artımı inflyasiyanı sürətləndirə bilər. Lakin 1975, 1982, 1991 və 2009-cu illərdə qlobal resessiya və neft qiymətlərinin düşməsi qlobal inflyasiyanı aşağı salıb. Hazırkı koronaböhran da qlobal inflyasiyanı azaldır ki, bu faktın da qeyri-neft sektoru üzrə 9,5 milyard dollar idxalı olan Azərbaycanda qiymətlərə azaldıcı təsiri olacaq. Üstəlik ölkəmizdə faktiki ÜDM potensial ÜDM-dən aşağı düşdüyündən, başqa sözlə, buraxılış kəsiri – output gap yarandığından inflyasiya sürətlənə bilməz. Belədə Azərbaycanda Fişer effekti də tam işləməyəcək, başqa sözlə, monetar genişlənmə səbəbindən inflyasiya çox sürətlənməyəcəyinə görə onun nominal faizlərə də təsiri minimum olacaq”.
İcraçı direktorun sözlərinə görə, pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. “Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq”.