Bu il Azərbaycanda işsizlik səviyyəsinin artacağı, növbəti 3 ildə isə azalacağı ehtimal edilir.
FED.az xəbər verir ki, Report-un məlumatına görə, belə bir proqnozla "Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2020-ci ilə qədər iqtisadi perspektivləri barədə hesabatında çıxış edib.
Hesabatda bildirilib ki, 2018-ci ildə Azərbaycanda işsizlik 5,5%-ə, 2019-2020-ci illərdə isə 5%-ə enəcək.
Agentlik hesabatda bir sıra digər maliyyə göstəriciləri üzrə proqnozlarını da açıqlayıb. Belə ki, Azərbaycanın dövlət büdcəsinin bu il ümumi daxili məhsulun (ÜDM) 3,2%-i qədər kəsirlə tamamlanması gözlənilir. Büdcənin 2018-ci ildə 1%, 2019 və 2020- ci illərdə 2,5% profisit nümayiş etdirəcəyi ehtimal edilir.
"Standard & Poor's" xatırladıb ki, son 10 ildə Azərbaycanda büdcə profisiti orta hesabla 7% təşkil edib. Maliyyə göstəricilərinin zəif olmasına səbəb kimi agentlik Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycan Mərkəzi Bankına (AMB) birdəfəlik transferini göstərib. Bu addım AMB-yə inamın artırılması və tədiyyə balansında böhranın aradan qaldırılması kimi qiymətləndirib.
"Standard & Poor's" həmçinin növbəti illərdə Azərbaycanın dövlət büdcəsində artımın olmayacağı gözləyir. Belə ki, bu il gəlirlərin ÜDM-ə nisbəti 33%, növbəti 3 ildə isə müvafiq olaraq 31, 30 və 30% təşkil etməlidir. Xərclərin ÜDM-ə nisbətinin isə bu il 36,2%, növbəti 3 ildə isə müvafiq olaraq 30, 27,5 və 27,5% olması proqnozlaşdırılır.
"Əgər hesab etəsk ki, növbəti ildən ÜDM-də artım gözlənilir, o zaman yuxarıdakı proqnozu büdcədə sabitlik və yaxud cüzi kiçilmə kimi qəbul etmək olar", - deyə agentlik bəyan edib.