Azərbaycan hökuməti ölkədə sənayenin inkişafı ilə bağlı iş adamlarından gələn təşəbbüsləri dəstəkləməyə hazırdır. FED.az xəbər verir ki, bu mesajı prezident noyabrın 28-də İlham Əliyev Sabirabad ictimaiyətilə görüş zamanı çıxışında səsləndirib.
Sabirabad sənaye məhəlləsinin təməlini qoyan dövlət başçısı bildirib ki, burada biznes və istehsal qurmaq üçün bütün şərait yaradılacaq, sahibkarlara qala niş isə sənayenin inkişafı ilə bağlı işlərə başlamaqdır.
«Mən fürsətdən istifadə edərək sabirabadlı iş adamlarına müraciət edirəm ki, onlar öz təkliflərini versinlər. Sənaye məhəlləsində bütün işlər, o cümlədən tikinti, istehsalat sahələrinin inşası, rabitə, infrastruktur, kommunikasiyalar, işıq, qaz, yollar, müəssisələrin yaradılması dövlət vəsaiti hesabına təmin ediləcək. Qaldı ki, sahibkarlara, onlar öz təkliflərini versinlər, avadanlıq alsınlar. Bu məsələdə də dövlət onlara kömək göstərəcək, güzəştli kreditlər, investisiya təşviqi sənədi verəcək və tezliklə burada böyük sənaye məhəlləsinin fəaliyyəti təmin ediləcəkdir».
Qeyd edək ki, sənaye məhəllələrinin yaradılmasına bir neçə il əvvəl başlanıb. Birinci məhəllə Neftçala rayonunda yaranıb və bu yaxınlarda onun açılışı olub. Sonra daha iki rayonda – Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaq.