“Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”.
FED.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb: “Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb: “Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür”.