Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik. Özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb.
FED.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Ermənilərin işğal dövründə 100 min hektar sahədə taxıl əkdiklərini və təqribən 100 min tona yaxın buğda əldə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün böyük rəqəm deyil. Əgər azad edilmiş torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, demoqrafik perspektivləri nəzərə alaraq özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq.
“Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik. İstisna edilmir ki, - biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq, - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram”, - deyə dövlətimizin başçısı əlavə edib.