Azərbayan prezidenti İlham Əliyev hesab edir ki, ölkə iqtisadiyyatıda yeni dövr – şəffaflıq və inhisarlara son dövrü başlanıb.
FED.az xəbər verir ki,“İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. 2021-ci ilin iki ayının nəticələri bir daha onu göstərir. Bu ilin iki ayında bizim gəlirlərimiz proqnozdan əlavə 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır”, - İ.Əliyev cümə günü Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib.
Dövlət başçısı qeyd edib ki, əlavə gəlirlər vergitutma bazasının genişlənməsi və biznesin kölgədən çıxması hesabına əldə olunub.
“Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz indi maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük”, - prezident deyib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan Qarabağda böyük bərpa işlərini başlayıb. “Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”, - dövlət başçısı əlavə edib.