Polşa hökuməti azad iqtisadi zona rejiminin bütün ölkə boyunca tətbiqini nəzərdə tutan yeni planı qəbul edib. FED.az xəbər verir ki, hazırda ölkədə 13 azad iqtisadi zona fəaliyyət göstərir, növbəti zonanın yaradılmasına isə hazırlıq görülür. Bu zonalarda işləməyə qəbul edilən şirkətlər qoyduqları sərmayələrin həcmindən və açdıqları iş yerlərinin sayından asılı olaraq, korporativ vergidən qismən azad edilirlər. Bundan əlavə, azad iqtisadi zonada işləyən şirkətlər əmlak vergisindən də azaddırlar. Bu güzəştlər üçün son müddət 2026-cı ilə qədər davam edəcək. Analoji vergi güzəştlərindən istifadə edə bilmək üçün sərmayələr Polşanın istənilən yerində qoyula bilər.
Eləcə də bax: «Yaşıl dəhliz»dən istifadə üçün 53 şirkət icazə alıb
Bunlarla yanaşı, təsnifat meyarları yeni qanunvericiliyə uyğun olaraq şirkətin ölçüsünün göstərilməsi, investisiyanın tipi, işsizliyin yerli səviyyəsi və açılan yeni iş yerlərinin keyfiyyəti ilə bağlı daha əhatəlidir.
Gözlənilir ki, azad iqtisadi zona ilə bağlı yeni rejimin qanunvericilik prosesi bu ilin ilk rübündə tamamlanacaq, ikinci rübdə isə şirkətlər vergi güzəşti almaq üçün ərizə verə biləcəklər.
Yeni qanun qüvvəyə minənə qədər verilmiş icazələr isə 2026-cı ilə qədər qüvvədə olacaq.